Mayorun məhkəməsi başladı

KRİMİNAL 20 iyun 2025, 18:00
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə tərəflər heç bir vəsatət verməyib. Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Təqsirləndirilən şəxs və onun vəkili işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. 

Hakimlər heyəti hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib. 

Məhkəmə baxışı iyulun 1-ə təyin olunub. 
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. 

Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət almaqda ittiham edilir.

DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib. Sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top