" Prezidentin bu yanaşması regional riskləri qabaqlamaq..." — Politoloq

GÜNDƏM 20 iyun 2025, 15:36
“Pandemiya dövründə sərhədlərin bağlanması qlobal bir praktika idi, lakin Azərbaycanın bu siyasəti davam etdirməsi milli maraqların qorunmasına yönəlmiş rasional addım kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi qərar təkcə səhiyyə risklərinə qarşı deyil, regionda dəyişən geosiyasi dinamikanı nəzərə alan uzaqgörən yanaşmanın nəticəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O əlavə edib ki,  Zəngəzur dəhlizi, Ermənistanla normallaşma prosesləri, regionda artan casusluq və informasiya təhdidləri kimi faktorlar quru sərhədlərin açılmasını daha kompleks qərara çevirir:

“Hökumət bu məsələdə təkcə logistik və ticarət deyil, eyni zamanda təhlükəsizlik prioritetlərini ön planda tutur. Sərhədlərin bağlı qalması qeyri-leqal miqrasiyanın, narkotrafikin və kənar təxribatların qarşısını almaq baxımından da effektiv mexanizm funksiyasını daşıyır. Prezidentin bu yanaşması regional riskləri qabaqlamaq, daxili sabitliyi qorumaq və dövlət nəzarətini maksimum səviyyədə saxlamaq strategiyasının tərkib hissəsidir. Məsələyə yalnız qısamüddətli iqtisadi çərçivədən baxmaq məhdud yanaşma olardı. Əslində, bu addım Azərbaycanın öz sərhədlərini suveren şəkildə idarə etmə bacarığını nümayiş etdirir”.

Politoloq diqqətə çatdırıb ki,  qonşu ölkələrdəki qeyri-müəyyən siyasi və iqtisadi durum da bu qərarın davamlılığını şərtləndirən amillər sırasındadır:

“Dövlət rəhbərliyi situativ deyil, sistemli qərarlar verərək regionda yeni reallıqlar fonunda öz mövqeyini möhkəmləndirir. Azərbaycan təhlükələri qabaqlayan, proaktiv mövqe sərgiləyən siyasətlə sabitlik və inkişafı prioritetə çevirir. Gələcəkdə sərhədlərin açılması məsələsi də məhz bu kontekstdə – risklər minimuma endirildikdən sonra və dövlət maraqlarına uyğun şəkildə reallaşa bilər. Bu, emosional deyil, tamamilə texnokratik və strateji yanaşmanın nəticəsidir. Sərhədlərin bağlı qalması qərarı, əslində, Azərbaycan dövlət idarəçiliyinin çevik və davamlı təhlükəsizlik yanaşmasının nümunəsidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top