Sosial şəbəkələrdə kredit vermək adıyla insanları aldadırlar — FOTOLAR

GÜNDƏM 17 iyun 2025, 15:21
“Instagram” sosial şəbəkəsində kredit vermək adı ilə insanları aldadaraq, pullarını mənimsəyirlər.

Demokrat.az xəbər verir ki, BOKT adı ilə açılan bu cür “Instagram” səhifələrində ilk baxışdan hər şey normal görünür. İnsanları cəlb etmək üçün isə olduqca sadə şərtlər “təklif edilir”. 

Zaminsiz, girovsuz, rəsmi iş yeri olmayanlara da kredit verdiklərini qeyd edərək insanları cəlb edən fırıldaqçılar heç bir zəng etmədən, elə “Whatsapp” yazışmasında krediti rəsmiləşdirdiklərini deyirlər. Əsas fırıldaq isə bundan sonra başlayır: vətəndaşdan kreditin köçürülməsi üçün komissiya ödəməli olduğunu deyirlər, yaxud onun bank kartının məlumatlarını əldə etməyə çalışırlar.

Araşdırmamız zamanı məlum oldu ki, belə fırıldaqçılara aldananlar az deyil. Elə həmin səhhifələrə yazılan istifadəçi rəylərini oxuyandan sonra məlum olur ki, “komissiya haqqını” ödəyərək tələyə düşənlər xeylidir.

Yoxlamaq üçün belə səhfələrdən ikisinin “Whatsapp” nömrəsinə yazdıq. Heç bir ətraflı məlumat almadan, bizə kredit verə biləcəklərini qeyd etdilər. Bu fırıldaqçılardan biri 38 AZN komissiya haqqı ödəməyimizi istədi, digəri isə kreditin “Mpay” hesabına köçürüləcəyini, buna görə də ora 100 AZN civarında məbləğ daxil etməyimizi istədi. Onlardan birinə bunun fırıldaq olduğunu anladığımızı bildirəndə isə yazdığı mesajları silərək, bizi bloka atdı.

Məsələ ilə bağlı Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, internet resurslarında işə düzəltmək, əlavə gəlir qazanmaq, eləcə də kredit adı altında yalan vədlər verərək vətəndaşların pul vəsaitini mənimsəyən şəxslər barəsində polisə məlumatlar daxil olur:

“Edilən müraciətlər əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.

Bir daha vətəndaşlara internet üzərindən edilən cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik”.






Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top