Bu halda sülh imzalanması “Ağ Ev”də yekunlaşa bilər — Deputat

GÜNDƏM 08 avqust 2025, 10:33
“Prezident Donald Trampın dəvəti ilə dövlət başçımızın ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifə açacaq”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, dövlət başçıları ikitərəfli görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hərtərəfli inkişafına dair geniş fikir mübadiləsi aparacaq:
“Qeyd etmək istəyirəm ki, ABŞ Azərbaycanın təşəbbüs göstərdiyi beynəlxalq enerji və kommunikasiya layihələrini dəstəkləyir. Dövlət başçılarımızın həm də regional təhlükəsizlik məsələləri ilə bağlı müəyyən addımların atılması üçün fikir mübadiləsi aparacağını hesab edirəm. Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın baş nazirinin də qatılacağı üçtərəfli görüşün keçirilməsi də gözlənilir. Əbu-Dabidə keçirilmiş ikitərəfli görüşdən sonra “Ağ Ev”də yüksək səviyyəli üçtərəfli görüşün keçirilməsi Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı müəyyən addımların atılması üçün fürsət olacağını proqnoz verməyimizə imkan verir. Çünki Əbu-Dabidə dövlət başçıları hər hansı bir sənəd imzalam olmasalar da, mühüm razılaşmalar əldə olunmuşdu”.



Deputat bu görüşdə Donald Trampın iştirakı ilə yüksək səviyyəli bir memorandumun imzalanacağını hesab etdiyini qeyd edib:

“İmzalanacaq bu sənəd tərəflərin yekun sülh müqaviləsinin imzalanmasına sadiqliyini təsdiq edəcək və hesab edirəm ki, bu sənəddə Azərbaycanla Ermənistan arasında sülhün dayanıqlı olmasına ABŞ müəyyən təminat verə bilər. Təbii ki, burada Ermənistana konstitusiyasında müvafiq dəyişikliyin edilməsi və Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciətin göndərilməsi ilə bağlı vaxt müəyyənləşdirilərək dəqiq öhdəlik qoyula bilər. Məhz belə olan təqdirdə sülh sənədinin imzalanması məsələsi “Ağ Ev”də yekunlaşa bilər. ABŞ Cənubi Qafqaza sülh, əməkdaşlıq və təhlükəsizliyin gəlişinə töhfələr verərək yeni bir tarix yazır. Dövlət başçılarının ABŞ-yə səfəri regionumuzda ölkələrarası münasibətlərdə yeni bir mərhələnin başlanğıcı ola bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 13:03
Top