Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçiriləcək

DÜNYA 02 iyun 2025, 08:34
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bu gün, iyunun 2-də İstanbulda baş tutacağı gözlənilir.

Demokrat.az-ın xəbərinə görə, Türkiyə Cümhuriyyətinin Kommunikasiya Departamentindən bildirilib ki, danışıqların Bakı vaxtı ilə saat 14:00-da Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya nümayəndə heyəti İstanbula memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gedəcək.

Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, memorandum Rusiya üçün fundamental olan məsələlərə - ilk növbədə, münaqişənin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı mövqeyə əsaslanacaq.

Rusiya Federasiyasından olan nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Ukraynadan olan danışıqlara müdafiə naziri Rustem Umerov rəhbərlik edir. O, daha əvvəl bildirmişdi ki, Ukrayna memorandumun layihəsini Rusiya tərəfinə təhvil verilib.

Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının birinci raundu mayın 16-da İstanbulda baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top