Kiyevin tarixi hücumu savaşın taleyini dəyişəcək? — "Əgər bu baş versə..."

DÜNYA 03 iyun 2025, 18:49
"Ukraynanın Rusiya aerodromlarına kütləvi hücumu müharibənin taleyinə təsir etməyəcək, lakin müəyyən qərarların verilməsinə təsir edə bilər".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, iki ölkə arasında gedən savaşın gələcəyinə təsir göstərə biləcək faktlar başqadır:

"Nəzərə alsaq ki, iki ölkənin rəsmiləri Türkiyədə görüşlər keçirirlər, masada müvəqqəti atəşkəs, əsirlərin dəyişdirilməsi, həlak olan əsgərlərin meyitlərinin dəyişdirilməsi kimi məsələlər var. Bunlar lokal məsələlərdir. Geniş olaraq baxsaq, müharibənin taleyinə təsir edə biləcək daha qlobal məsələlər var. İki tərəf arasında gedən bu müharibə faktiki olaraq üçüncü ölkələrin iştirakı ilə baş verir. Müharibənin taleyini müəyyən edəcək məqam həmin üçüncü tərəflərin bu və ya digər tərəfə hansı səpkidə dəstək göstərəcəyidir".

Deputat qeyd edib ki, əgər Avropa Ukraynaya dəstəyi artırsa, onda savaşın istiqaməti dəyişə bilər:



"Məsələn, Aİ ölkələri Ukraynaya hərbi yardımın artırılmasında maraqlıdırlar. Maliyyə yardımı da göstərilir. Bu yardımların miqyası böyüsə, Ukrayna daha yeni silahlar almaqla nəinki Rusiyanın aerodromlarını vurmaq, ümumən döyüş meydanında irəliləməsinin qarşısını ala bilər və bu, müharibənin taleyinə təsir edər.

Ukraynanın bu hücumunu belə şərh edirlər ki, danışıqlar dövründə bu uğur müəyyən mənada Kiyevi rahatlatmış olur, daha güclü tərəf kimi göstərilə bilər. Lakin digər tərəfdən Rusiya qüvvələri Suma vilayəti istiqamətində irəliləməkdədir.

Düşünmürəm ki, bütövlükdə müharibənin taleyinə təsir edə bilər. Hansısa fasilənin verilməsinə, razılığın əldə edilməsinə təsir edə bilər, o da az ehtimalla".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top