Keçmiş məcburi köçkünlərə azad olunan ərazilərdə tikinti aparmaq üçün icazə veriləcək? — AÇIQLAMA

GÜNDƏM 30 may 2025, 15:04
"Vətəndaşların yaşadıqları ərazidə fərdi yaşayış evi tikmək hüququ var. Əgər bir vətəndaş müəyyən ərazidə qeydiyyatdadırsa və ya orada yaşayırsa, qanunvericiliyə və normativ qaydalara uyğun şəkildə fərdi yaşayış evi tikmək hüququna malikdir. Bu hüquq konstitusiyada təsbit olunub və heç kim bu hüququ vətəndaşın əlindən ala bilməz".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

O bildirib ki, söhbət işğaldan azad olunmuş ərazilərdən gedirsə, vəziyyət bir qədər fərqlidir:

"Bu ərazilərdə yeni kəndlər və yaşayış məntəqələri müvafiq eskiz layihələrinə və planlara uyğun şəkildə salınır. Bu kəndlər şirkətlər tərəfindən inşa olunur və müəyyən şərtlər və normativlər çərçivəsində həyata keçirilir. Əgər vətəndaşlar bu şərtlərə uyğun şəkildə ev tikmək öhdəliyini götürürlərsə, onlara bu hüquq tanına bilər.

Amma nəzərə almaq lazımdır ki, bu ərazilər 30 il işğal altında olub və onların bərpası müəyyən müddət tələb edir. Əgər biz bu ərazilərdə müasir standartlara uyğun kəndlər inkişaf etdirmək istəyiriksə, bu prosesi vətəndaşların öz öhdəsinə buraxmaq böyük problemlərə səbəb ola bilər. Çünki fərdi tikintilər ümumi mənzərəni poza bilər və təqdim olunan tikinti layihələrinə uyğun olmaya bilər".

Onun sözlərinə görə, bu prosesin dövlət tərəfindən aparılması daha məqsədəuyğundur:

"Dövlət həm ərazilərin təmizlənməsi, həm tikinti işlərinin təhlükəsizliyinin təmin olunması, həm də müasir standartlara cavab verən infrastrukturun yaradılması sahəsində daha effektivdir. Əgər söhbət tikinti şirkətlərinin maya dəyərinin müzakirəsindən gedirsə, bu başqa bir məsələdir və ictimai müzakirəyə çıxarılmalıdır.

Əgər cənab deputat düşünürsə ki, bu evlərin tikintisi daha ucuz başa gələ bilər, bunun yolu vətəndaşlara fərdi tikinti hüququ vermək deyil. Əksinə, bu məsələni ictimai təşkilatların və müvafiq tikinti ekspertlərinin iştirakı ilə müzakirə etmək və qiymətləndirmək daha məqsədəuyğundur. Əgər tikintinin bir kvadrat metrinin maya dəyəri daha artıq başa gəlirsə, bu zaman yeni müzakirələr aparıla bilər və yeni təşəbbüslər ortaya çıxa bilər".

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu günki iclasında təklif edib ki, keçmis  məcburi köçkünlərə işğaldan azad edilən ərazilərdə özlərinin ev tikməsi üçün imkan yaradılmalıdır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top