Deputatlar növbədənkənar TOPLAŞACAQ — SƏBƏB

SİYASƏT 30 may 2025, 10:04
Bu gün Milli Məclisin yaz sessiyası üzrə sonuncu plenar iclası keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki,  gələn ay parlamentin növbədənkənar sessiyasının da çağırılması gözlənilir.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.

Ötən iclasda artıq növbədənkənar sessiyanın çağırılması üçün imza topanıldığı bildirilib. Növbədənkənar sessiyanın çağırılması səbəbi hələlik məlum deyil. Ancaq yaz sessiyasında müzakirəsi yarımçıq qalan və müzakirə edilməli olan bir sıra məsələlər qalıb.

Bunlardan ən vacibi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir. Milli Məclisin hakim partiyanı təmsil edən deputatı Müşfiq Cəfərov saytımıza açıqlamasında növbədənkənar sessiyada bu məsələnin müzakirə ediləcəyini təsdiqləyib.

Layihə mayın 27-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə edilib. Ancaq parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilməyib. Layihə növbədənkənar sessiyada müzakirə ediləcək.

Həmçinin, bu gün keçiriləcək iclasda müzakirə olunacaq birinci oxunuşda olan qanun layihələrinin də növbədənkənar sessiyaya ötürüləcəyi gözlənilir. Layihələr əsasən icra, ədliyyə, bələdiyyə və vergi qanunvericiliyinə dəyişikliklərlə bağlıdır.

Naxçıvan Konstitusiyasına dəyişikliklərin də bu sessiyada müzakirə edilməsi ehtimal olunur. Belə ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər Ali Məclisin iki plenar iclasında müzakirə edilib və təsdiqlənməsi üçün Milli Məclisə göndərilib.

Qeyd edək ki, Milli Məclisin iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top