Dünya təcrübəsi və Azərbaycan konteksti: kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?

MALİYYƏ 27 may 2025, 16:47

Dünyanın bir çox ölkəsində leqal kazino biznesi çoxdan müasir iqtisadiyyatın bir hissəsinə çevrilib - əhəmiyyətli vergi gəlirlərinin mənbəyi, turizm sektorunun hərəkətverici qüvvəsi və infrastrukturun inkişafı üçün stimul olub. Sinqapur, Gürcüstan, Monako, Malta, Çexiya və Litva kimi dövlətlər kazinoları öz maliyyə sistemlərinə uğurla inteqrasiya edərək, bu sahəni şəffaf, yüksək tənzimlənən və gəlirli bir sektora çeviriblər.

Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Bu nümunələr fonunda Azərbaycanda kazino fəaliyyətinin leqallaşdırılması ideyası daha praqmatik xarakter alır: iqtisadiyyatın modernləşdirilməsi, gəlirlərin diversifikasiyası və maliyyə şəffaflığının artırılması aləti kimi.

Azərbaycanda kazino sahəsinin leqallaşdırılmasının iqtisadi potensialı

Bu gün Azərbaycanda kazino biznesi rəsmi olaraq qadağandır. Lakin bununla qeyri-qanuni oyun klublarının və onlayn kazinoların hüquqi sahədən kənarda fəaliyyət göstərməsi aradan qalxmır. Bu cür fəaliyyət iqtisadi təhlükəsizliyə ciddi təhdid yaradır, cinayət gəlirlərinin yuyulmasına kömək edir və əhəmiyyətli maliyyə axınlarını rəsmi dövriyyədən kənarda qoyur.

Dünya təcrübəsi göstərir ki, ciddi dövlət tənzimlənməsi ilə kazinoların leqallaşdırılması qeyri-qanuni fəaliyyəti minimuma endirməyə və maliyyə axınlarına nəzarəti təmin etməyə imkan verir. Şəffaf və nəzarət olunan mühitin yaradılması effektiv lisenziyalaşdırma, monitorinq sistemlərinin tətbiqi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) tələblərinə riayət edilməsi hesabına mümkündür. Litva və Çexiya kimi Avropa ölkələrində rəqəmsal nəzarət uğurla tətbiq olunur: hər “stavka” vergi orqanları ilə əlaqəli onlayn sistemdə qeydə alınır.

Ümumiyyətlə, kazinoların leqallaşdırılması üçün infrastruktura əhəmiyyətli investisiyalar tələb olunur: hotellərin, əyləncə komplekslərinin, nəqliyyat obyektlərinin tikintisi. Bu, iqtisadiyyatda multiplikativ effekt yaradır, mehmanxana və restoran biznesi, təhlükəsizlik, IT, mühasibatlıq kimi sektorlarda yeni iş yerləri yaradır. Digər ölkələrin təcrübəsinə əsasən, kazino sənayesində düzgün qurulmuş fiskal siyasət lisenziyalar, vergilər və əlaqəli rüsumlardan dövlət büdcəsinə hər il on milyonlarla manat gətirə bilər.

Bu məsələni “Report”a şərh edən “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi qeyd edib ki, düzgün hüquqi və sosial tənzimləmə ilə bu sahə həm yerli iqtisadiyyat, həm də beynəlxalq turizm üçün ciddi stimul yarada bilər:

“Beynəlxalq təcrübədə kazino fəaliyyəti təkcə əyləncə sənayesi deyil, həm də turizm infrastrukturunun dayaqlarından biridir. Makao, Sinqapur, Gürcüstan, BƏƏ nümunələri göstərir ki, kazino mərkəzləri ətrafında 5 ulduzlu hotellər, SPA mərkəzləri, konfrans salonları, alış-veriş zonaları və nəqliyyat infrastrukturunun inkişafı sürətlənir”.

Onun sözlərinə görə, kazino biznesinin idarə olunması üçün beynəlxalq standartlara uyğun lisenziyalaşdırma, gəlir vergisi (15–35 %), müstəqil maliyyə auditi, yaş həddi (21+), “self-exclusion” (özünübloklaşdırma mexanizmləri) sistemləri, reklam məhdudiyyətləri və sosial məsuliyyət fondları tətbiq olunmalıdır: “Bu mexanizmlər həm şəffaf biznes mühiti yaradır, həm də cəmiyyətin rifahını qoruyur”.

S. Dübəndi vurğulayıb ki, kazino fəaliyyəti yalnız bir obyekt deyil – ətrafında formalaşan turizm klasterinin mərkəzidir: “Məsələn, Bakı, Xəzəryanı bölgələr, Quba–Şəki kimi ərazilərdə “Integrated Resort” modelinin qurulması mümkündür. Bu modelə kazinolarla yanaşı SPA, konfrans, qolf, sağlamlıq və kənd turizmi sahələri də inteqrasiya edilə bilər Bu yanaşma həm mövsümi deyil, davamlı turizm axını yaradır, həm də regionlarda yeni iş yerlərinin yaradılmasına yardım göstərir”.

Onun fikrincə, düzgün idarə olunan kazino sektoru Azərbaycana ildə əlavə 200-300 milyon ABŞ dolları turizm gəliri gətirə bilər:

“Bu, həm də ölkənin “premium turist” bazarında mövqeyini gücləndirər, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçiləri cəlb edə bilər. Kazino fəaliyyəti yalnız iri investisiyalı obyektlər deyil, həm də onların ətrafında formalaşan geniş xidmət zənciri ilə yerli kiçik və orta sahibkarlıq subyektləri üçün də geniş imkanlar yaradır. Kazino və inteqrə olunmuş kurortlar yerli qida məhsulları, içkilər, sənətkarlıq əşyaları, güllər, mebel və tekstil kimi məhsulları davamlı tədarük etməyə ehtiyac duyur. Bu, kənd təsərrüfatı və yüngül sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün davamlı bazar deməkdir”.

O qeyd edib ki, turist axınının artması həmçinin əlaqəli sektorlarda - kafelər, butiklər, SPA, nəqliyyat, bələdçi və tərcüməçi xidmətləri kimi KOB-ların inkişafını stimullaşdırır. Assosiasiya rəhbəri hesab edir ki, beləliklə, kazino biznesi çoxsahəli fəaliyyətin mənbəyinə çevrilir, vergi bazasını genişləndirir və regionların iqtisadiyyatını canlandırır.

Kazinoların leqallaşdırılmasının tərəfdarı olan iqtisadçı ekspert, sabiq millət vəkili Rüfət Quliyev hesab edir ki, Bakının bir neçə xüsusi ayrılmış yerində kazinolar açıla bilər:

“Misal olaraq “Sea Breeze” kimi sahilyanı əraziləri götürə bilərik. Buradakı kazinolar iqtisadiyyata ciddi töhfə verəcək. İlk növbədə, lisenziya və vergilərdən büdcəyə daxilolmalar, eləcə də yüksək maaşlı iş yerlərinin yaradılması hesabına. Dünyada kazino həvəskarları çoxdur və onların çoxu məhz bunun üçün Azərbaycana gələ bilər”.

Ekspertin sözlərinə görə, qanuni kazinolar ilk növbədə turistlərə yönələcək: “Bu, hava nəqliyyatının artmasına və xidmət sektorunun - kafe, mağaza, restoranların inkişafına səbəb olacaq. Əsas şərt ciddi və daimi dövlət nəzarətinin təmin edilməsidir”.

Sosial məsuliyyət

Qumar biznesinin leqallaşdırılmasının əsas aspektlərindən biri sosial məsuliyyəti təmin etmək və vətəndaşların həssas kateqoriyalarını qumar asılılığının potensial mənfi nəticələrindən qorumaqdır. Beynəlxalq təcrübə riskləri minimuma endirməyə və eyni zamanda sənayeni hüquqi çərçivədə inkişaf etdirməyə imkan verən effektiv mexanizmlərin geniş spektrini nümayiş etdirir.

İnkişaf etmiş ölkələrin qanunvericiliyində oyunçuları və bütövlükdə cəmiyyəti qorumaq üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bunlardan biri də oyunçunun müəyyən müddət ərzində xərcləyə biləcəyi vəsaitin məbləğinə məhdudiyyətlər qoymaqla mərc və uduzulan məbləğ üzrə limitlərinin tətbiqidir ki, bu da həddindən artıq maliyyə itkilərinin qarşısını alır.

Həmçinin özünübloklaşdırma ("self-exclusion") sisteminin, yəni kazinolara və onlayn oyunlara girişi könüllü olaraq qadağan etmək üçün vətəndaşın özünün ərizə verməsinə imkan yaradan mexanizmin tətbiqi mümkündür. Bu cür verilənlər bazaları operatorların sistemləri ilə inteqrasiya olunur və hətta platformalar dəyişdirildikdə belə iştirak imkanını istisna edir.

Kazinolara getmək üçün minimum yaş həddi, bir qayda olaraq, 21 yaşdır və şəxsiyyət mütləq şəkildə yoxlanılmalıdır. Bəzi ölkələrdə isə operatorlar aşağı gəlirli və ya borclu şəxslərin iştirakını istisna etmək üçün müştərinin maliyyə vəziyyətini yoxlamalıdırlar. Bundan əlavə, oyun zallarında və onlayn platformalarda asılılıq riskləri haqqında xəbərdarlıqların, eləcə də yardım göstərən təşkilatların əlaqə məlumatlarının yerləşdirilməsi vasitəsilə icbari məlumatlandırma tələb olunur.

Bənzər yanaşmalar Azərbaycanda da tətbiq edilə bilər. Bu, qumar sənayesinin inkişafının sosial dayanıqlılıq prinsipləri ilə ziddiyyət təşkil etməyəcəyi balanslaşdırılmış tənzimləmə modelini yaratmağa imkan verəcək.

Bundan başqa, qumar sektorunun inkişaf etdiyi ölkələrdə qumar müəssisələrinin mənfəətinin müəyyən faizinin köçürüldüyü sosial məsuliyyət fondlarının yaradılması təcrübəsi geniş tətbiq olunur. Bu vəsaitlər ludomaniyanın profilaktikası və müalicəsi proqramlarının dəstəklənməsinə, həmçinin mədəniyyət, idman və təhsilin inkişafına yönəldilir. Azərbaycanda belə bir sistemin tətbiqi sənaye mənfəətinin bir hissəsinin sosial əhəmiyyətli sahələrə qaytarılmasını təmin edəcək.

Beləliklə, sərt normativ baza, effektiv nəzarət mexanizmləri və şəffaf idarəetmə olduqda, qumar biznesi təhlükə deyil, davamlı inkişaf aləti ola bilər.

Beynəlxalq təcrübə: qumar biznesi gəlir və iş yerlərini necə təmin edir

Dünya təcrübəsi göstərir ki, leqallaşdırılmış və ciddi şəkildə tənzimlənən qumar biznesi dövlət üçün güclü gəlir mənbəyi, həmçinin turizm, məşğulluq və kiçik biznesin inkişafı üçün hərəkətverici qüvvə ola bilər.

Birləşmiş Ştatlar qanuni kazinoların sayına və qumar sənayesindən əldə edilən gəlirlərə görə dünya lideridir. Təkcə Las-Veqasda 1 000-dən çox kazino fəaliyyət göstərir. 2023-cü ildə ABŞ-nin kommersiya kazinoları 66,5 milyard dollar qazanıb ki, bu da 2022-ci illə müqayisədə 10 % çoxdur. Operatorların bütün növ qumar oyunlarından ümumi gəliri təxminən 110 milyard dollar təşkil edib.


Sektor 1,8 milyondan çox iş yerini dəstəkləyir ki, bunun da təxminən 600 mini birbaşa iş yeridir. Eyni zamanda, qumar sektorundan dövlət büdcəsinə daxil olan vergi təhsil, səhiyyə və infrastrukturun inkişafının maliyyələşdirilməsinə yönəldilir.

Asiyada ən böyük bazar hesab edilən Makao (Çinin xüsusi inzibati rayonu), kazino gəlirlərinə görə dünyanın aparıcı yurisdiksiyalarından biridir. 2023-cü ildə Makaoda qumar oyunlarından əldə edilən ümumi gəlir 22,7 milyard dollar təşkil edib. Bunun 8,1 milyard dolları vergi şəklində büdcəyə daxil olub. Region bu vəsaitləri aktiv şəkildə şəhər infrastrukturuna və sosial proqramlara yatırır.

2024-cü ildə Avropada qumar oyunlarından əldə edilən ümumi gəlir 123,4 milyard avroya çatıb (əvvəlki ilə nisbətən 5 % çox). Bunun 47,9 milyard avrosu (39 %) 11,7 % artım nümayiş etdirən onlayn-qemblinqin payına düşüb. Avropada ən böyük bazarlar İtaliya (21 milyard avro), Böyük Britaniya (19,8 milyard avro), Almaniya (14,4 milyard avro) və Fransadır (14 milyard avro).

Onlayn-qemblinqin inkişafı rəqəmsal verifikasiya, limitlər və özünü istisna sistemləri daxil olmaqla ciddi nəzarətlə müşayiət olunur.

Gürcüstan Cənubi Qafqaz regionunda qumar biznesini leqallaşdıran ilk ölkələrdən biridir. Kazinolar 1990-cı illərdən etibarən, xüsusilə kurort şəhəri olan Batumidə fəal şəkildə inkişaf edib. 2020-ci ildə pandemiyaya baxmayaraq, sənayenin dövriyyəsi 10 milyard ABŞ dollardan çox (32 milyard lari) təşkil edib. 2024-cü ildə bu göstəricinin 28 milyard ABŞ dollara qədər artması nəticəsində 20 mindən çox insan işlə təmin edilib. Sektorda orta aylıq əməkhaqqı 1 182 ABŞ dollardır.

Bu ölkədə vergi siyasəti differensiallaşdırılıb: Tbilisidə daha yüksək, regionlarda isə daha aşağı dərəcələr tətbiq olunur. 2025-ci ildən etibarən fiziki şəxslərin oyun salonlarının fəaliyyətindən və/və ya sistemli-elektron formada qumar oyunlarının təşkilindən əldə etdikləri gəlirlərin 20 % (əvvəlki 15 % əvəzinə) vergiyə cəlb olunur. Onlayn-qemblinq də leqallaşdırılıb və büdcəyə sabit gəlir gətirir.

2007-ci ildə qumar fəaliyyətinin qadağan edilməsindən sonra Qazaxıstan kazinoların yalnız xüsusi zonalarda - Kapçaqay və Şuçinskdə fəaliyyətinə icazə verib. 2020-ci ildə onlayn-qemblinqin həcmi 40 milyon ABŞ dolları təşkil edib və 2025-ci ildə 60 milyon ABŞ dollara qədər artım gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ildə onlayn resurslardan təxminən 4 milyard təngə (7,83 milyon ABŞ dolları) vergi yığılıb. Hər bir onlayn operator 50-100 nəfərin məşğulluğunu təmin edir. 2021-ci ildə yerüstü kazino və bukmeker kontorlarının gəlirləri 2,5 dəfə artıb.

2009-cu ildən etibarən Rusiyada qumar fəaliyyətinə yalnız dörd xüsusi zonada icazə verilir: "Yantarnaya" (Kalininqrad), "Sibirskaya moneta" (Altay), "Primorye" (Vladivostok) və "Krasnaya Polyana" (Soçi). Məsələn, Primoryedəki “Tigre de Cristal” kompleksi hər il 1,5 milyard rubldan çox (18,8 milyon ABŞ dolları) vergi gətirir. 2023-cü ildə qumar sektorundan Rusiya Federasiyası büdcəsinə ümumilikdə 1,7 milyard rubl (21,32 milyon ABŞ dolları) vergi daxil olur ki, bu da 2022-ci il (1,6 milyard rubl və ya 20,1 milyon ABŞ dolları) və 2021-ci illə (1,1 milyard rubl və ya 13,8 milyon ABŞ dolları) müqayisədə artıb. Hazırda qumar biznesinə tətbiq edilən verginin iki dəfə artırılması haqqında qanun layihəsinə baxılır.

Özbəkistanda qumar biznesi qadağan edilməsi kapitalın xaricə çıxmasına səbəb olur: vətəndaşlar xarici onlayn platformalardan fəal istifadə edirlər. Ekspertlərin qiymətləndirmələrinə görə, onlayn-qemblinqdə iştirak üçün yönəldilən vəsaitlərin həcmi ildə 350 milyon dollardan 1 milyard ABŞ dollara qədər təşkil edir.

2025-ci ildən etibarən Özbəkistanda onlayn oyunlar, bukmeker fəaliyyəti və lotereyalarla bağlı vergi islahatı gözlənilir. İlkin hesablamalara görə, büdcəyə hər il əlavə 6 milyon ABŞ dolları vergi daxil ola bilər.

Müqayisəli cədvəl: kazinoların tənzimlənməsinin beynəlxalq təcrübəsi

Ölkə

Qanuniləşdirmə/ islahatlar ili

Qumar sektorundan gəlirlər (son məlumat)

Vergi rejimi

Asılılığa qarşı tədbirlər

AML/CFT üzrə tədbirlər

Sinqapur

2005

2,8 milyard dollar (2023)

GGR-in 15–22 %-i

Özünü istisna etmə, ödəmə qabiliyyətinə nəzarət

Ciddi identifikasiya, mərkəzləşdirilmiş hesabat

Gürcüstan

1999 / yenilənmə 2015

65 milyon dollar büdcəyə (2022)

Sabit lisenziyalar + vergilər

Reklam qadağası, rezidentlərin bloklanması

Vergi orqanları ilə avtomatik məlumat mübadiləsi

Malta

2001

82 milyon avro vergi (2022)

GGR-in 5-15 %-i

Limitlər, davranış monitorinqi

Malta Gaming Authority, şəxsi məlumatların icbari yoxlanışı

Çexiya

2017

İldə 550 milyon avro (2022)

GGR-in 23 %-i

İstisna olunmuş şəxslərin milli reyestri

Şəffaf onlayn hesabat, maliyyə kəşfiyyatına nəzarət

Litva

2001

23 milyon avro vergi (2022)

GGR-in 18 %-i

Könüllü istisna, yaş nəzarəti

Mərkəzləşdirilmiş müştəri bazası, vergi girişi

Monako

XIX əsrdən

Büdcənin əhəmiyyətli hissəsi

Dövlət monopoliyası

Giriş yalnız əcnəbilər üçündür

Dövlət nəzarəti və lisenziyalar

Rusiya

2009-cu ildən, yalnız 4 zonada

9 мilyard rubl (100 milyon dollar) vergi (2022)

Sabit tariflər (125-250 min rubl)

Məkan məhdudiyyətləri, onlayn kazino qadağası

Məcburi identifikasiya, Federal Vergi Xidmətinə və Rosfinmonitorinqə hesabat vermək

Qazaxıstan

2007-ci ildən, xüsusi zonalarda

19,6 milyard təngə büdcə daxilolması (2022)

Sabit yığımlar + ƏDV

Ciddi yaş nəzarəti, məsafədən giriş qadağandır

Maliyyə monitorinqi, tənzimləyicilərlə məlumat mübadiləsi

GGR - Gross Gaming Revenue, ümumi oyun gəliri

Beynəlxalq təcrübə birmənalı şəkildə göstərir ki, ciddi nəzarət və düşünülmüş vergi siyasəti ilə qumar biznesinin leqallaşdırılması ölkələrə xeyli gəlir gətirir, məşğulluğu və turizmin inkişafına təkan verir. Eyni zamanda, sosial məsuliyyət elementləri ilə tənzimləmə mənfi nəticələrin qarşısını almağa və sektorun davamlılığını təmin etməyə kömək edir.

Bu yanaşma Azərbaycanda da tətbiq oluna bilər - milli xüsusiyyətlər, iqtisadi prioritetlər və mövzunun sosial həssaslığı nəzərə alınmaqla.

Qumar sənayesi post-neft transformasiyasının əsas hərəkətverici qüvvəsi kimi

Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi və post-neft inkişaf modelinə keçid siyasəti fonunda qumar sektorunun leqallaşdırılması və səriştəli təşkili yeni artım nöqtələrindən birinə çevrilə bilər. Kazinoların turizm klasterlərinə inteqrasiyası, əlaqəli sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması və vergitutma bazasının genişləndirilməsi - bütün bunlar birlikdə regionların iqtisadi əsasını gücləndirəcək və ölkənin investisiya cəlbediciliyini artıracaq.
Bu kontekstdə kapitalın kölgədən çıxarılması və maliyyə axınlarının şəffaflığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Qanunun tələblərinə cavab verən leqallaşdırılmış sənaye cinayət gəlirlərinin yuyulması imkanlarını azaldaraq qeyri-qanuni vəsait dövriyyəsinin qarşısını alacaq.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda qumar sektorunun açılması beynəlxalq əməkdaşlıq - tənzimlənən yurisdiksiyalarda biznesin aparılması təcrübəsi olan xarici operatorların cəlb edilməsi, təcrübə mübadiləsi və korporativ idarəetmə və təhlükəsizliyin yüksək standartlarının tətbiqi ilə müşayiət oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top