
Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edib. Bu barədə baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd olunub. Məqalədə, həmçinin vurğulanıb ki, tədbir çərçivəsində süni intellektin korrupsiyaya qarşı mübarizədə tətbiqi, aktivlərin müsadirəsi, bank hesablarının dondurulması, ictimai maarifləndirmə kimi aktual mövzularda plenar sessiyalar və paralel tədbirlər keçiriləcək, eyni zamanda ikitərəfli görüşlər və əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulub.
Tədbirin proqramına uyğun olaraq, mayın 21-də GlobE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.
Bununla bağlı Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi “GlobE Network” çərçivəsində altıncı plenar iclası keçirilib:
“Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan - ümumilikdə 300-dən artıq nümayəndə iştirak edir. Bu qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın, verilən dəyərin və beynəlxalq arenada ildən-ilə artan nüfuzunun və gücünün əyani sübutudur. Korrupsiya ilə mübarizə aparan və müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizənin artıq yeni səviyyədə aparıldığından, bu bəlaya qarşı qlobal səylərin məhz Azərbaycanda real şəkildə birləşdiyindən xəbər verir. Azərbaycan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verir. Müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmiş GLOBE Şəbəkəsi korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və hüquqi yardımın effektiv şəkildə həyata keçirilməsini təmin edir”.
Millət vəkili əlavə edib ki, bu cür beynəlxalq tədbirin məhz Azərbaycanda təşkil edilməsi ölkəmizin prokurorluq orqanlarında aparılmış köklü və məqsədyönlü islahatların, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən təsirli tədbirlərin məntiqi nəticəsidir:
“Bu gün də dövlətimizin hüquq-mühafizə orqanları korrupsiya, transmilli cinayətkarlıq, terrorçuluq, separatçılıq, insan alveri, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və digər təhdidlərə qarşı beynəlxalq səviyyədə fəal iştirak edir, bu sahələrdə əməkdaşlığa töhfə verir, müvafiq təşəbbüslərlə çıxış edir. Bunun bariz nümunəsidir ki, ötən ildə dünyanın prokurorluq orqanlarını birləşdirən və cinayətkarlıqla mübarizə sahəsində mühüm məsələlərinin müzakirə edildiyi Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağı məhz ölkəmizdə keçirilmişdir. Azərbaycanın bu cür beynəlxalq tədbirlərə evsahibliyi etməsi birmənalı olaraq ölkəmizin dünyada artan nüfuzunun və qüdrətinin təzahürüdür. Bu həm də ona dəlalət edir ki, ölkəmiz artıq cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq mərkəzə çevrilir, bu sahədə qlobal məsələlərin müzakirə olunduğu və taleyüklü qərarların qəbul edildiyi məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyir”.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, beynəlxalq tədbirlərin təşkili və onların keçirilməsi, ilk növbədə, əməli maraqlara əsaslanır:
“Əgər tədbirin mövzusu aktual və vacibdirsə, bu, artıq ona ciddi yanaşmanı tələb edir. Çünki hazırda dəyişən dünya düzənində bir çox dəyərlər, yanaşmalar artıq köhnəlmiş xarakter alır və bu proseslərə innovativ düşüncə qatmaq zərurəti yaranır. Azərbaycan bu baxımdan müasir, inkişafda olan bir ölkə kimi, intellektual potensiala malikdir. Ölkədə düşünən kəsim, həmçinin formalaşmış milli bürokratik təbəqə mövcuddur. Bu, mənfi deyil, əksinə, dünyada idarəetmə sistemlərini həyata keçirən əsas təbəqələr də məhz bu bürokratiyadır. Bürokratiya sadəcə idarəçiliyin daşıyıcısıdır və onsuz idarəetmə mümkün deyil. Belə tədbirlərdə Azərbaycanın iştirakı həm nəzəri, həm praktik cəhətdən ölkəmizin zənginləşməsinə səbəb olur. Biz təkcə izləyici yox, eyni zamanda təqdimatçı, təşəbbüskar və müzakirə tərəfiyik. Bu da Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını və dünya ilə inteqrasiyasını nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, söhbət korrupsiyadan gedirsə, bu, yalnız sosial deyil, mənəvi problemdir:
“Rüşvət alan məmur bunu ehtiyacdan deyil, mənəviyyatsızlıqdan edir. Bu cür şəxslər sadəcə vəzifə səlahiyyətindən istifadə edərək vətəndaşın haqqına girir, xidməti yalnız qarşılıq müqabilində göstərir və nəticədə cəmiyyətdə çirkin mühit formalaşır. Həmçinin bu kimi hallarda bütün sferada çalışanlar haqsız olaraq eyni kateqoriyaya daxil edilir, halbuki hamı eyni deyil. Bu bəla ilə mübarizə üçün məmur korpusu özünü saflaşdırmalı, mənəvi tərbiyə və psixoloji hazırlıq gücləndirilməlidir. Eyni zamanda beynəlxalq təcrübədən öyrənmək, Skandinaviya ölkələri kimi daha sağlam idarəetmə modellərini tətbiq etmək vacibdir. Azərbaycanın belə tədbirlərdə iştirakı və ev sahibliyi etməsi ölkəmizə beynəlxalq etimadın göstəricisidir. Biz bu sahədə mühüm irəliləyişə nail olmuşuq və sübut etmişik ki, hər hansı bir işə başladıqda onu nəticə ilə yekunlaşdırmaq bacarığına sahibik. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, onun qlobal arenada nüfuzlu tərəfdaş olduğunu təsdiqləyir. Beləliklə, korrupsiya ilə mübarizə sadəcə qanunlarla deyil, həm də mənəvi və ictimai dəyərlərlə aparılmalı, cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə həyata keçirilməlidir. Azərbaycanın bu istiqamətdə beynəlxalq platformalardakı aktivliyi, bu işə verdiyi önəmi bir daha sübut edir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.