Bu deputatlar “lal deputat”lardan daha təhlükəlidir — Abutalıb Səmədov

GÜNDƏM 22 may 2025, 13:58
“Dövlətin daxili və xarici siyasəti, beynəlxalq məsələlər və s. barədə danışmaq üçün müəyyən hazırlıq tələb olunur. Deputatların bəziləri televiziya kanallarında çıxış etməkdən çəkinirlərsə, bu hələ ən pis variant deyil. Çünki özlərinin potensiallarını bilirlər, danışmaq istəmirlər. Ən pisi odur ki, hazırlıqsız deputatlar, hazırlıqsız siyasi "ekspertlər" fasiləsiz danışırlar və nə danışdıqlarını bilirlər, nə də oxuyub öyrənmək həvəsləri var. Mən hesab edirəm ki, bunlar daha təhlükəlidir, nəinki susan deputatlar”.

Bunu Demokrat.az-a açıqlamasında siyasətçi Abutalıb Səmədov deyib. O bildirib ki, parlamentdə danışmaq müəyyən bilik, bacarıq, bir də yanğı tələb edir:

“Səni seçən insanların problemlərini həll etmək yanğısı, istəyi olmalıdır, onların dərdləri ilə yaşamalısan ki, o məsələləri parlamentin iclaslarında və müəyyən instansiyalarda qaldırasan.
Deputat işi çox ağır işdir. Xahişlər, istəklər çox, həll etmək imkanı məhdud, hətta deyərdim ki, çox az. Ona görə bəzi deputatlar susmağa üstünlük verirlər, fikirləşirlər ki, birtəhər səlahiyyət müddətini başa çatdırsınlar və növbəti müddət barədə düşünsünlər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top