Azərbaycan heyəti Qazaxıstanda DATÜB tərəfindən təltif edildi — FOTOLAR

GÜNDƏM 19 may 2025, 21:43

Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti Dünya Axısxa Türkləri Birliyi (DATÜB) tərəfindən mükafatlandırılıb.

Bununla bağlı DATÜB sədri Ziyatdin Kassanov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Naqif Həmzə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “İpəkyolu” İctimai Diplomatiya Vəqfinin sədri Seyfullah Türksoy, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin sədri Rəhman Quliyev və Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı “DATÜB-nin 30 illiyi” medalı ilə mükafatlandırılıb.


Mükafat adıçəkilən şəxslərə Axısxa türkləri ilə sərgilədikləri həmrəylik və onlara qarşı edilmiş haqsızlıqların təbliğatında oynadıqları rola, türk dünyası arasında mədəni körpülərin qurulması və Qazaxıstanla olan əlaqələrin inkişaf etdirilməsinə görə verilib.

DATÜB sədri Ziyatdin Kassanov xaricdə rəsmi səfərdə olduğu üçün mükafat nümayəndə heyətinə “Ata Yurd – Nomad” Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədov və “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu tərəfindən təqdim edilib. Qonaqlara həmçinin qazax milli geyimi də hədiyyə olunub.



 

Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top