Bakıda kafedə müştərilər qadın ofisiant üstündə dava etdilər — TƏFƏRRÜAT

HADİSƏ 14 may 2025, 12:42
Bakının Nizami rayonunda kafedə müştərilər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu, Q.Qarayev 102 ünvanında yerləşən “Beer Coin” adlı kafedə baş verib. 

Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Vüqar (ad şərtidir – red.) Seymurun onun masasına qulluq edən ofisiant xanımla söhbət etməsini bəhanə edib və heç bir əsaslı səbəb olmadan ona fiziki zor tətbiq edib. 

Vüqar qəsdən bir neçə dəfə yumruqla Seymurun sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar bildirib ki, təxminən 1 ildir 8-ci kilometr bazarında meyvə satışı ilə məşğuldur: 

“Hadisə günü spirtli içki içmək üçün dayım ilə birlikdə “Beer Coin” adlı kafeyə gəldik. Burada təxminən 5-6 bakal pivə içdik. Saat 21:30-da dayım mənimlə sağollaşdı və kafedən getdi. Hesabı ödəyib oradan çıxarkən zərərçəkmiş Seymur mənim oturduğum masaya qulluq edən qadınla koridorun kənarında təklikdə söhbət etdiyini gördüm. 

Mən həmin qadını qısqandığım üçün Seymuru bayıra çağırdım. Bu zaman sərxoş vəziyyətdə olmuşam. Seymurla söhbət etmək istədikdə aramızda mübahisə yarandı. Seymur mənə qulaq asmadı, yenidən içəriyə qayıtdı. Buna əsəbləşdim, həmçinin sərxoş vəziyyətdə olduğumdan onun arxasınca kafeyə girdim. Kafenin koridorunda dayanan Seymura anidən hücum edərək sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Seymurun sözlərinə görə, spirtli içki içmək üçün tək “Beer Coin” adlı kafeyə gəlib: 

“Orada bir qədər içki içdim. Daha sonra hesabı ödədim və oradan çıxarkən Vüqar onun masasına qulluq edən qadınla münasibət yaratmağa çalışdığım üçün mənimlə anidən mübahisə etməyə başladı. Mübahisə zamanı Vüqar yumruqla sifət nahiyəmə bir neçə dəfə vuraraq sağ qaş nahiyəmə xəsarət yetirdi”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüqar 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona  xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına  nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top