"Fransa demokratiya adı altında siyasi maraqlarını düşünür" — ŞƏRH

DÜNYA 09 may 2025, 18:13
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi erməniləri belə təəccübləndirməyə və heyrətə salmağa müvəffəq olub. Reallıqdan uzaq fikirləri ilə gündəmə gəlməyə çalışan Azərbaycanofob və türkofob diplomat növbəti dəfə “ermənidən artıq erməni” olmağa çalışıb. Səfir iddia edib ki, Ermənistan söz azadlığı sahəsində mövqeyini xeyli yüksəltməyə, mövqelərini yaxşılaşdırmağa müvəffəq olub.
“Ermənistanı dəstəkləməklə biz demokratiyanı müdafiə etmiş oluruq”, - deyə o vurğulayıb. Hətta İrəvanı regionda “azadlıq vadisi” kimi qələmə verməkdən də çəkinməyib.


Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, Fransanın səfirinin son açıqlaması əslində obyektivlikdən uzaq, birtərəfli mövqedir:

“Daha çox Ermənistan tərəfini müdafiə edən yanaşmadır. Bu cür bəyanatlar əslində Avropa İttifaqının rəsmi mövqeyini deyil, daha çox Fransanın öz maraqlarını əks etdirir. Fransa Cənubi Qafqazla bağlı öz maraqlarını həyata keçirmək üçün Ermənistanı bir növ platforma kimi istifadə edir. Bu da onların bölgədəki təsirini artırmaq niyyətindən irəli gəlir. Avropa ictimai rəyində və siyasi dairələrində Ermənistanı “demokratik ölkə” kimi təqdim etməyə çalışırlar, amma real vəziyyətlə bu təsvirlər arasında böyük fərq var. Məsələn, yaxınlarda bir qadının Paşinyan haqqında dediyi sadə bir sözə görə cəzalandırılması və həbs olunması demokratiya ilə uyğun gəlməyən bir faktdır”. 

A.Nərimanlı əlavə edib ki,  Ermənistan müxalifətinə qarşı ciddi təzyiqlər və təqib kampaniyaları davam edir:

“Yəni, reallıqda Ermənistanın demokratik vəziyyəti heç də iddia edildiyi kimi deyil. Fransanın məqsədi Ermənistanın müsbət imicini Avropa siyasi çevrələrində formalaşdırmaq və bununla da regionla bağlı planlarına Avropa dəstəyini almaqdır. Demokratiya adı altında əslində siyasi maraqlar irəli çəkilir və bu, açıq şəkildə görünür”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top