Bir kəmər, bir yol”: Azərbaycan regionda əsas nəqliyyat qovşağına çevrilir

GÜNDƏM 02 may 2025, 20:02
"Çinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” (Belt and Road Initiative – BRI) layihəsi 2013-cü ildən etibarən qlobal logistik əlaqələrin yenidən qurulması üçün irimiqyaslı iqtisadi strategiyaya çevrilib. Bu layihənin əsas məqsədi Asiya, Avropa və Afrikanı birləşdirən nəqliyyat və ticarət marşrutlarını inkişaf etdirməkdir. Son illərdə Azərbaycanın bu təşəbbüsdə rolu daha da güclənmiş və ölkə regionda əsas nəqliyyat qovşağına çevrilməkdədir".

 Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 

Deputat bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşən unikal coğrafi mövqeyə malikdir:

"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Azərbaycanın bu rolu üçün zəmin yaradır.

Azərbaycan hökuməti son illərdə nəqliyyat və logistika sahəsinə milyardlarla dollar investisiya yönəldib. Xüsusilə də Ələt Azad İqtisadi Zonası və Bakı Limanı beynəlxalq yükdaşımalarının idarə olunmasında mühüm rola malikdir. 2024-cü ilin əvvəlində Bakı Limanının illik yükötürmə qabiliyyəti 15 milyon tona çatdırılıb.

Azərbaycandakı sabit siyasi mühit, ölkənin enerji ehtiyatları və regional təşəbbüslərdə fəal iştirakı bu istiqamətdə mövqeyimizi gücləndirən digər mühüm amillərdəndir".

O qeyd edib ki, Zəngəzur dəhlizi – Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə və daha sonra Avropa ilə birləşdirəcək quru və dəmir yolu bağlantısı – “Bir kəmər, bir yol” layihəsinin kritik seqment sayılır:

"Bu dəhliz Orta Dəhlizin daha da şaxələndirilməsi və ənənəvi marşrutlara təhlükəsiz alternativin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Hesablamalara görə, Zəngəzur dəhlizinin reallaşması nəticəsində yükdaşımaların Çindən Avropaya çatma müddəti 12-15 gündən 8-10 günə enə bilər. Bu isə logistik xərclərdə 20-25% azalma deməkdir. Dünya Bankının məlumatına görə, bu tip qısaldılmış marşrutlar regional ticarətin həcmini də orta hesabla 30% artırır.

Dəhlizin istifadəyə verilməsi region ölkələri – Azərbaycan, Türkiyə, Gürcüstan, Orta Asiya respublikaları arasında yükdaşımaların inteqrasiyasını artıracaq və multimodal daşımaları asanlaşdıracaq.

Çin rəsmiləri dəfələrlə Orta Dəhlizə maraqlarını ifadə ediblər. Çinlə Azərbaycan arasında imzalanan sənədlərdə birbaşa olmasa da, Zəngəzur dəhlizinə dolayısıyla istinad olunur. Çin Orta Dəhliz boyunca infrastruktur layihələrinə yüz milyonlarla dollar sərmayə qoyur. 2024-cü ilin “China-Eurasia Expo” sərgisində Çin şirkətləri Orta Dəhlizdə logistika mərkəzlərinin yaradılmasına maraq göstərdiklərini açıqlayıblar.

Çin üçün bəzi ənənəvi marşrutlar sanksiya və geosiyasi risklər daşıdığı üçün Zəngəzur dəhlizi kimi alternativlər daha etibarlı və strateji variant sayılır.

Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhliz seqmentində aparıcı mövqeyini sürətlə möhkəmləndirir. Zəngəzur dəhlizi bu prosesdə yeni mərhələnin açarı ola bilər. Çin üçün bu dəhliz həm geosiyasi riskləri minimuma endirən, həm də iqtisadi baxımdan daha səmərəli bir yol deməkdir. Azərbaycan isə bu imkanlardan yararlanaraq regionun logistik mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində əhəmiyyətli addımlar atmaqdadır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top