
Valyuta.az-ın müsahibi ABŞ-ın ən böyük maliyyə korporasiyalarından biri olan “Bank of America”da çalışan azərbaycanlı bankir Murad Sadıqovdur. M.Sadıqov bankda “consumer and small business” (istehlakçı və kiçik biznes) üzrə müştərilərin şəxsi məsləhətçisi olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, M.Sadıqov Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr və magistr təhsili alıb. Azərbaycanda “Accessbank” və “Bank Respublika”da çalışıb. ABŞ-a getməmişdən öncə isə “Bank Respublika”da filial direktoru vəzifəsində çalışıb.
- Murad bəy, bakalavr və magistr təhsiliniz tarix üzrə olsa da, karyeranız bank sektorunda olub. Tarixi özünüz seçməmişdiniz?
- Ümumiyyətlə, ailəmizin bir çox üzvləri humanitar sahədə təhsil alıb. Məsələn, nənəm şərqsünaslıq, babam isə filologiya üzrə elmlər doktoru, professor olublar. Sözsüz ki, mənim də tarix elminə böyük həvəsimin yaranmasında onların da müstəsna rolu olub. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra, qəbul imtahanlarında 603 bal toplayaraq Bakı Dövlət Universitetin tarix fakültəsinə qəbul oldum. Bakalavr pilləsini bitirdikdən sonra magistratura üzrə təhsilimi davam etdirdim.
- Tələbə vaxtı işləmədiniz?
- Əslində, mən gənc yaşlarımdan işləmək istəyi ilə yaşayırdım. Lakin valideynlərim hər zaman bunun əleyhinə çıxırdılar. Onların əsas arqumenti təhsilə tam fokuslanmağım idi. Deyirdilər ki, “işləmək üçün həyatın kifayət qədər uzun olacaq, amma bilik və inkişaf üçün bu günlərin dəyəri daha böyükdür”. Bu yanaşma mənə güclü təhsil bazası qurmağa imkan verdi.
"Mən isə bütün sahələrə CV göndərsəm də, geri dönüş çox az olurdu. Bu səbəbdən alternativ sahələrə baxmağa başladım və gördüm ki, bank sektoru inkişaf edir və gələcək üçün yaxşı perspektiv vəd edir."
- Hərbi xidmətdən dönəndən sonra bankda işləmisiniz. Niyə bank?
- Hərbi xidmətdən qayıtdıqdan sonra iş axtarmağa başladım. Bu gün bazarda müxtəlif şirkətlər və seçim imkanları çoxdur, amma 2008-ci ildə vəziyyət tam fərqli idi – iş tapmaq, xüsusilə də humanitar sahə məzunları üçün, həqiqətən çətin idi. Tarix fakültəsinin məzunları əsasən elm, təhsil və ya dövlət qurumlarında işləyə bilirdilər. Mən isə bütün sahələrə CV göndərsəm də, geri dönüş çox az olurdu. Bu səbəbdən alternativ sahələrə baxmağa başladım və gördüm ki, bank sektoru inkişaf edir və gələcək üçün yaxşı perspektiv vəd edir. Mən də bir neçə banka müraciət etdim və ilk müsahibə dəvətini “Access Bank”dan aldım.
- Bankda işləmək üçün lazım olan bilik və bacarıqlara sahib idiniz?
- Əlbəttə ki, xeyr (gülür). Bank işi üzrə əvvəlcədən xüsusi bilik və bacarıqlarım yox idi. Lakin işə qəbul prosesi kifayət qədər ciddi idi. Üç mərhələdən ibarət seçimdən keçdim: əvvəlcə məntiq və riyaziyyat imtahanı, sonra müsahibə, daha sonra isə təcrübə proqramı. Təcrübə proqramını yüksək nəticə ilə başa vurduqdan sonra artıq bank karyerama “AccessBank”da kiçik kredit mütəxəssisi kimi başladım.
- Deməli, məktəb vaxtı humanitar yönümlü olsanız da, riyaziyyatı da yaxşı oxumusunuz...
- Bəli, məktəbdə də, universitetdə də bütün fənlərə ciddi yanaşırdım. Xarakterimdə belə bir xüsusiyyət var: əgər qarşımda məqsəd qoymuşamsa, ona çatana qədər tam səfərbər oluram. Bəzən bir işi əvvəlcədən bilməyə bilərəm, amma öyrənib sonadək davam etdirirəm. Bank sektorunda da məhz belə oldu.

- Bu sektorda vəzifə irəliləyişiniz də yaxşı gedib.
- Bank sektorunda çalışmağa başladıqdan sonra daim öz üzərimdə işləməyə və daha yaxşı nəticələr göstərməyə çalışırdım. Təxminən bir ildən sonra filial direktorum mənə kiçik və orta biznes kreditləri sahəsinə keçməyi təklif etdi. Mən də bu imkanı dəyərləndirdim və qısa müddətdə kredit mütəxəssisi, sonra aparıcı kredit mütəxəssisi və ardınca mərkəz filialında kiçik və orta biznes kreditləri şöbəsinin müdiri vəzifəsinə qədər yüksəldim. Təxminən 5 il ərzində bu karyera yolu mənim üçün həm böyük təcrübə, həm də şəxsi inkişaf imkanı yaratdı.
- Sonra “Bank Respublika”ya keçdiniz.
- 2018-ci ildə “Bank Respublika”da filial rəhbərinin müavini olaraq fəaliyyət göstərməyə başladım. Bir il sonra isə – 2019-cu ildə filial rəhbəri vəzifəsinə təyin olundum. Necə ki, kiçik kredit mütəxəssisi olaraq fərqlənən nəticələr göstərmişdimsə, filial rəhbəri kimi də komanda ilə birlikdə filialın göstəricilərini əhəmiyyətli dərəcədə yüksəltməyə nail olduq.
- Hansı yüksək nəticələrdən söhbət gedir?
- Əvvəlki dövrlərdə “Bankın ən yaxşı kredit mütəxəssisi”, “Ən çox yeni müştəri cəlb edən kredit mütəxəssisi” kimi fərqlənmələrim olmuşdu. Filial rəhbəri vəzifəsində də eyni yanaşmanı davam etdirdim və komanda ilə birlikdə filialın nəticələrini yüksəltdik. Belə ki, rəhbərlik etdiyim Yasamal filialı 2019, 2020 və 2021-ci illərdə aqro və mikro kreditlər üzrə “Bank Respublika”nın ən yaxşı filialı seçildi. 2022-ci ildə isə, bankın 30 illik tarixində, Yasamal filialı “aqro və mikro kreditlər üzrə ən yaxşı filial” adına layiq görüldü.
"“Green card” lotereyasına müraciətim də tam təsadüf nəticəsində, dostumun məsləhəti ilə oldu. Maraqlısı isə odur ki, birinci müraciətdən qalib oldum. Yenə də köçməyi ciddi düşünmürdüm."
- İdarəetmədə yanaşmanız nə idi ki, istədiyiniz nəticəni əldə edə bilirdiniz?
- İdarəetmədə yanaşmam “göstərərək öyrətmək” prinsipi üzərində qurulmuşdu. Düşünürdüm ki, lider yalnız göstəriş verməməlidir, həm də komandasına hədəflərə necə çatmağı göstərməlidir. Bu səbəbdən, əməkdaşlarla birlikdə müştərilərlə görüşlərdə iştirak edir, onlara effektiv ünsiyyət və müştəri cəlb etmə texnikalarını öyrədirdim.
Komanda şəklində işləməyə böyük önəm verirdim. Sevindirici hal idi ki, komanda üzvləri bir-biri ilə mehriban, dostyana münasibət saxlayır və iş yerlərini özlərinin ikinci evi kimi qəbul edirdilər. Rahat və sərbəst iş mühiti ümumi nəticələrə də pozitiv təsir göstərirdi.
- Bank sahəsini sevdiniz deyə bu sektorda qaldınız, yoxsa yol bu istiqamətdə açılmışdı deyə davam etdiniz?
- Bu işi həqiqətən çox sevdim. İnsanlarla ünsiyyət qurmaq, yeni insanlarla tanış olmaq, onların maliyyə savadlılığını artırmaq və onlara faydalı ola bilmək mənə böyük məmnuniyyət verir. Bu səbəbdən, heç vaxt bank sahəsindən uzaqlaşmaq barədə düşünməmişəm.
- Azərbaycanda karyeranız yaxşı davam edirdi. Bəs ABŞ-a köçmək qərarını verməyiniz necə oldu? Çünki orda yenidən başlayacaqdınız.
- Ümumiyyətlə, xaricə köçmək barədə heç vaxt düşünməmişdim. “Green card” lotereyasına müraciətim də tam təsadüf nəticəsində, dostumun məsləhəti ilə oldu. Maraqlısı isə odur ki, birinci müraciətdən qalib oldum. Yenə də köçməyi ciddi düşünmürdüm (gülür).
- Bəs fikrinizi dəyişməyinizə səbəb nə oldu?
- Bu qərarı vermək həqiqətən çox çətin idi. Bir tərəfdə köklü və sabit bir həyat, ailə, iş və rahatlıq var idi, digər tərəfdə isə yeni imkanlar, arzular və kəşf edilməmiş fürsətlər... Hər nə qədər çətin olsa da, gələcək üçün risk etməli olduğuma qərar verdim. Vətənim, doğmalarım və dostlarım mənim üçün əzizdir. Bu səbəbdən də istənilən zaman qayıda biləcəyimi bilirəm.
- Ailə ilə getdiniz?
- Bəli, həyat yoldaşın və qızımla birlikdə getdik. Digər övladım isə ABŞ, Texasda dünyaya gəldi. Çox adam əvvəlcə tək gedir, sonra ailəsini gətirir, amma mən ailəmi yanımda görmək istədim. Ailəmin dəstəyini yanımda hiss etmək məni məqsədlərimə çatmaq üçün daha da motivasiya edirdi.
- ABŞ-da iş tapmağınızdan danışaq. Nə qədər zaman lazım oldu?
- Aktiv iş axtarışım təqribən bir il oldu.
- O müddətdə bəs nə etdiniz?
- Öz üzərimdə işləməyə diqqət yetirdim. “Harvard Business School”un “Management Essentials” (İdarəetmənin əsasları) və “Financial Accounting” (Maliyyə uçotu) sertifikatlarını əldə etdim. Eyni zamanda, “Austin Community College”də “Professional English” (Peşəkar ingilis dili) və “Advanced Business English” proqramlarını tamamladım. Bu müddət mənim üçün həm biliklərimi artırmaq, həm də peşəkar bacarıqlarımı təkmilləşdirmək imkanı yaratdı.
"Sayını itirdiyim qədər “yox” cavabı almışam. “Bunlar arasında saysız hesabsız banklar, bank olmayan kredit təşkilatları, maliyyə şirkətləri, investisiya təşkilatları var idi. Ancaq israrlı şəkildə yoluma davam edirdim."
- Azərbaycanda bankda filial rəhbəri olan şəxs ABŞ-da bank sektorunda iş tapmağı necə oldu? “Yox”larınız çox oldumu?
- Sayını itirdiyim qədər “yox” cavabı almışam. “Bunlar arasında saysız hesabsız banklar, bank olmayan kredit təşkilatları, maliyyə şirkətləri, investisiya təşkilatları var idi. Ancaq israrlı şəkildə yoluma davam edir və bankda sektorunda işləyəcəyimə inanırdım.
- Düşünmədiniz ki, bəlkə pul qazanmaq məqsədli başqa işlərdə çalışım, sonra bankda iş taparam...
- Təksən, sıfırdan başlayırsan, ailə məsuliyyətin və qarşıya qoyduğun hədəflər var. Bu zaman insanın ağlından bütün məqamlar keçir.
Bəlkə biznesə başlayım? Bəlkə hansısa peşə öyrənim? – kimi düşünürsən. ABŞ-də qaydalar başqadır. Sən ot biçməyi öyrənib, sonra bu sahədə biznes qurub milyonçu ola bilərsən. Yetər ki işləməyi istə, ağıllı və məsuliyyətlə davran, maliyyəni düzgün idarə et və istədiyin uğur nöqtəsinə gəlməyi bacaracaqsan.
Qısa müddətdə “Toyota”nın satış və maliyyə departamentində çalışdım. Sadəcə o işin mənə uyğun olmadığını gördüm. Anladım ki, insan xoşbəxt olduğu işdə çalışmalıdır.
Nəticədə öyrəndim ki, əzmkarlıq və doğru istiqamətdə çalışmaq uğura aparan ən güclü yoldur.
- 1 ildən çox gözləyə bilmisinizsə, deməli, əlinizdə müəyyən məbləğlə getmişdiniz...
- Sözsüz ki, ABŞ-a gələrkən ilk dövrlərdə xərclər çox olur. Ailə ilə gəldiyimə görə də müəyyən vəsait ilə gəlmişdim.
- “Bank of America”ya işə qəbul olmağınızdan danışaq.
- Açığı, proses elə də asan olmadı. Sayını itirdiyim qədər “yox” cavabı almağıma baxmayaraq maraqlısı odur ki, sonda eyni vaxtda 4 fərqli maliyyə təşkilatından iş təklifi aldım. Biri investisiya şirkəti, biri bank olmayan kredit təşkilatı, digər ikisi isə bank idi. Mən isə ən böyük və ən perspektivli təşkilat olan “Bank of America”nı seçdim.
- Azərbaycanda 14 illik bank karyerası olan şəxsin ABŞ-da banklarda iş tapması çətin oldu. İş mühitinə düşəndə, bu çətinliyin səbəbinin nə olduğunu gördünüz?
- Burda bir çox səbəblər olduğunu aşkarladım. Başlıca amil rəqabət mühitinin böyüklüyüdür. ABŞ-da iş bazarı çox geniş olsa da, eyni zamanda olduqca rəqabətlidir. İkinci vacib məsələ şəbəkələşmə, yəni netvörkingdir. Üçüncü önəmli faktor isə, mədəni və peşəkar uyğunlaşmadır. Məsələn, iş müsahibəsində özünü təqdimetmə tərzi, CV-nin yazılma forması, müsahibələrə öncədən hazırlıq prosesi Azərbaycandakından fərqlənirdi.
İş fəaliyyətimə başladıqdan sonra Azərbaycan bankçılığı ilə ABŞ bankçılığı arasındakı fərqləri yaxından gördüm. Ən başlıca fərq kimi ABŞ banklarının yüksək səviyyədə rəqəmsallaşmasını qeyd edə bilərik.
Digər mühüm fərq isə müştəriyə yanaşmadadır. Azərbaycanda əsas hədəf müştərini banka cəlb etmək və məhsulu təqdim edib satmaqdır. Bundan sonra isə müştəri ilə ünsiyyət demək olar ki, bitir. ABŞ-da isə yanaşma tam fərqlidir. Burada müştəri, məsələn, yalnız debet kartının PIN kodunu dəyişmək üçün gəlsə belə, onunla elə ünsiyyət qurulur ki, bu sadə əməliyyat gələcək əməkdaşlıq və yeni fürsətlər üçün qapı açır. Burada hər bir əməkdaş təkcə məhsul təqdim etmir, həm də müştərinin şəxsi maliyyə məsləhətçisinə çevrilir.
- Azərbaycanda bankda idarəetmədə idiniz, amma ABŞ-da bankdakı işiniz hələ ki rəhbər vəzifə deyil. Bu sizi narahat etmir?
- (Gülür) Əslində, ABŞ-a gəlməzdən əvvəl bu haqda düşünmüşdüm. Azərbaycanda rəhbər vəzifədə olanda da fəaliyyətim komanda ilə birgə iş üzərində qurulmuşdu. Burada da menecerlər işi eyni yanaşma ilə apardıqları üçün böyük fərq hiss olunmur. Əməkdaşların bir-birilə münasibəti və iş mühiti o qədər pozitivdir ki, kimin menecer, kimin əməkdaş olduğunu bəzən hiss belə etmirsən. Mənim üçünsə əsas məsələ iş mühitindən və komanda ruhundan zövq almaqdır.
- 37 yaşda getmisiniz. Sosiallıq cəhətdən bu yaşın gec olduğunu deyirlər.
- Bəli, mən ABŞ-a 37 yaşımda köçdüm. Çoxları bu yaşı sosiallaşma baxımından gec hesab edir. Fikrimcə, sosiallaşma yaşla deyil, insanın xarakteri, çevikliyi və özünə inamı ilə bağlıdır. Əlbəttə, ilk il asan olmadı. Həm dil, həm mədəniyyət, həm də yeni mühitə uyğunlaşmaq müəyyən çətinliklər yaratdı. Amma insan qarşısına məqsəd qoyanda, o maneələri də aşmağı bacarır. Mən də yavaş-yavaş yeni həyat tərzinə alışdım, yeni dostlar qazandım, peşəkar şəbəkəmi genişləndirdim. Bu gün isə düşünürəm ki, gördüyüm işlər və qazandığım təcrübə sadəcə başlanğıcdır.
Qarşıda daha böyük imkanlar və hədəflər var.
- Yəni yaşın fərqi yoxdur, əsas məqsədlərdir?
- Həyat yolunda əsas olan yaş yox, məqsəd və iradədir. Mənim üçün bu qərar yalnız şəxsi karyera seçimi deyil, həm də ailəm və gələcək nəsillərim üçün verdiyim bir qərardır. Hara gediriksə, öz köklərimizi də özümüzlə aparırıq. Xaricdə tanıtdığımız Azərbaycan, uşaqlarımızın aldığı təhsil və sabah ölkəmizə gətirəcəkləri fayda mənim üçün ən böyük motivasiyadır. Ona görə düşünürəm ki, insan nə yaşda olursa olsun, əsas məsələ doğru məqsədlərə yönəlmək və xoşbəxt olduğu işi görməkdir.