Qeyri-ənənəvi dini təbliğ edən 2 nəfər həbs edildi: Kimlər dinimiz haqqında fikir yürüdə bilər?

GÜNDƏM 25 aprel 2025, 15:01
"Dini sahədə fikir yürütmək hər kəsin haqqı olsa da, bu sahədə rəy bildirmək məsuliyyəti və vəzifəsi ilk növbədə dini elmləri mükəmməl şəkildə öyrənmiş, bu sahədə ixtisaslaşmış, elmi və əxlaqi keyfiyyətləri cəmiyyət tərəfindən tanınmış alimlərə və mütəxəssislərə aiddir. Din, yalnız fərdi inanc məsələsi olmaqdan əlavə, cəmiyyətin mənəviyyatını, mədəniyyətini, əxlaqını və sosial davranışlarını yönləndirən mühüm bir sistemdir. Bu səbəblə, dinlə bağlı verilən hər bir açıqlama və fikir, sadəcə fərdi düşüncə deyil, ictimai məsuliyyət daşıyır və bu fikirlər cəmiyyətin inanclarına, mənəviyyatına və həyat tərzinə birbaşa təsir edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 

İlahiyyatçı bildirib ki, dini mövzulara elmi və obyektiv yanaşmadan, yalnız hisslərə və ya şəxsi düşüncələrə əsaslanaraq fikir bildirmək, bir çox hallarda yanlış nəticələrə səbəb ola bilər və insanları çaşdıra bilər:

"Bu isə böyük mənəvi məsuliyyət doğurur.Dinin özündə elmə, dərin biliyə və məsuliyyətli yanaşmaya verdiyi əhəmiyyət çox yüksəkdir. Qurani-Kərimdə, Allah-Təala buyurur: “Əgər bilmirsinizsə, elm sahiblərinə (alimlərə) soruşun” (Nəhl, 43). Bu ayə açıq şəkildə göstərir ki, dini məsələlərdə qərar vermək, hökm söyləmək və ya izah vermək yalnız bu sahədə bilik sahibi olan şəxslərin işi olmalıdır. Hədislərdə də Peyğəmbər (s) buyurur ki, “Kim elmi olmadan insanlar arasında dini hökm verərsə, onun yeri Cəhənnəmdir”. Bu xəbərdarlıq təsdiqləyir ki, din adından məsuliyyətsiz danışmaq ciddi günah və fəsada səbəb olan davranışdır".

O qeyd edib ki, dini yanlış təbliğ etmək, həm fərdi, həm də ictimai baxımdan ağır günah sayılır:

"Çünki bir insanı yanlış dini inanca yönəltmək, yalnız onun dünyəvi həyatını deyil, axirət həyatını da təhlükəyə atmaq deməkdir. Allah-Təala Quranda buyurur ki, “Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan sayandan daha zalım kim ola bilər?” (Ənam, 21). Burada “yalan uydurmaq” ifadəsi, Allah adından, din adından əsassız danışmaq, öz şəxsi fikirlərini din kimi təqdim etmək mənasında işlədilir. Bu isə ilahi məsuliyyətin açıq pozulmasıdır.
Dini yanlış təqdim edənlər, ya bilgisizlik ucbatından bunu edirlər, ya da bilərəkdən, müəyyən məqsədlərlə insanları çaşdırmağa çalışırlar. Hər iki halda bu cür davranışlar həm İslam dininin mahiyyətinə ziddir, həm də böyük mənəvi və hüquqi məsuliyyət daşıyır. Dinin doğru təbliğ olunması, yalnız savadlılıq deyil, həm də dürüstlük, vicdan, sədaqət və Allaha qarşı hesabatlılıq şüuru tələb edir.
Nəticə olaraq, dini mövzularda fikir yürütmək məsuliyyətli bir işdir və yalnız bu sahədə yetkin elmi və əxlaqi səviyyəyə çatmış şəxslər bu məsuliyyəti üzərlərinə götürməlidir. Dini yanlış təbliğ etmək isə, insanların imanına, düşüncəsinə və cəmiyyətin sabitliyinə zərər verən bir əməldir və bu, şəriətdə həm günah, həm də cəza tələb edən bir məsələ kimi qiymətləndirilir. Buna görə də hər kəs din haqqında danışmadan öncə, bu sözlərin haraya çata biləcəyini, kimləri təsirləndirəcəyini və hansı məsuliyyət doğuracağını dərindən düşünməlidir.


Qeyd edək ki, Bakının mərkəzində qeyri-ənənəvi dini təbliğ edən 2 nəfər həbs edilib. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top