18 yaşlı oğlan qəbiristanlıqda tanışını bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 10 aprel 2025, 20:34
Bərdə rayonunda 2007-ci il təvəllüdlü Sabir Bəhrəmli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şirazi Xasaylıya xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Hadisə 29 aprel 2024-cü ildə Bərdə rayonunun Qullar kəndində baş verib. 

Sabir həmin gün saat 22:00-da Qullar kəndi ərazisində yerləşən qəbiristanlığın içərisində tanışı, 2008-ci il təvəllüdlü Şirazi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşib. O,  əvvəlcədən özü ilə gətirdiyi cib bıçağı ilə Şirazinin döş qəfəsinin sol yan divarına qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, subaydır, əvvəllər məhkumluğu olmayıb:

“Hadisə baş verməmişdən əvvəl Şirazi ilə şəxsi münasibətlər zəminində mübahisələrimiz olsa da, bu mübahisələrin baş verməməsi üçün həmin mübahisələrdən kənar gəzmişəm. Daha sonra 2024-cü ilin aprel ayında, saat 22:00-da Şirazi mobil telefon vasitəsilə zəng edərək, söhbət etmək istədiyini və bunun üçün Bərdə rayonu Qullar kənd qəbiristanlığına gəlməyimi istədi. Şirazinin məni gecə saatlarında Qullar kənd qəbiristanlığına çağırmağından qorxduğum üçün üzərimdə cib bıçağını da götürdüm. Bundan sonra kənd qəbiristanlığına getdim və Şirazi ilə orada görüşdüm. Şirazi məni görən ilk dəqiqədən kobud danışdı və məni nalayiq ifadələrlə təhqir etdi. Şiraziyə məni təhqir etməsinə görə öz iradımı bildirdim və cibimdən bıçağı çıxararaq mənə yaxın gəlməməsi barədə xəbərdarlıq etdim. Amma əksinə Şirazi yenidən məni təhqir edərək, hünəri çatırsa bıçaqla vurmağımı istədi. Şirazinin mənə nəsə etməyindən qorxdum, cibimdə olan bıçağı çıxararaq, nizamsız olaraq hərəkət etdirdim. Bu vaxt Şirazi yana doğru çevrildi və bıçaq təsadüfən Şirazinin kürək nahiyyəsinə dəydi. Şirazini bıçaqla vurmaq istəməmişəm, sadəcə qorxutmaq istəmişəm. Şirazinin yaralandığını gördükdən sonra ona köməklik etmək istəsəm də, Şirazi təkidlə həmin yerdən kənarlaşmağımı istədi. Mən də həmin yerdən uzaqlaşmışam. Mənim Şirazini öldürmək niyyətim olmayıb”. 

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Şirazi ilə onun arasında olan mübahisənin yaranmasına səbəb guya onun Şirazinin arxasınca danışması və digər anlaşılmazlıqlar olub. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyimi, zərərçəkmiş şəxslə barışdığını deyib. 

İş üzrə zərərçəkmiş Şirazinin sözlərinə görə, Sabir ilə münasibətləri hadisədən qabaq yaxşı olmayıb: “Sabirin bəzi-bəzi adamların yanında arxamca danışdığını eşitmişəm. Bundan sonra xatırlamadığım tarixdə, axşam saatlarında Sabir Bəhrəmliyə mobil telefon vasitəsi ilə zəng edərək, görüşüb söhbət etmək üçün onu Qullar kənd qəbiristanlığına çağırdım. Sabir Bəhrəmli ilə Qullar kənd qəbiristanlığında görüşdükdən sonra aramızda mübahisə yarandı. Yaranmış mübahisə nəticəsində Sabir mənə bıçaqla zərbə edirdi. Sabir məni bıçaqla vurduqdan sonra kömək etmək istəsə də, lakin Sabirdən təkidlə həmin yerdən kənarlaşmasını istədim. Bundan sonra dostuma zəng edərək, bıçaqla vurulduğumu və yanıma gələrək mənə köməklik etməsini bildirdim”. 

Zərərçəkmiş qeyd edib ki, Sabir ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. “İlk öncə mən Sabirə zəng edərək Bərdə rayonu Qullar kənd qəbiristanlığına görüşə çağırmışam. Sabir Bəhrəmli mənə 1 dəfə bıçaqla zərbə endirib. Həmin zərbədən sonra Sabir köməklik göstərmək istəsə də, Sabirə təkidlə hadisə yerindən kənarlaşmasını demişəm. Sabir getdikdən sonra dostum Əli Ağayevə zəng edərək bıçaqlandığımı bildirmişəm və ondan mənə köməklik göstərməsini istəmişəm. Əli Ağayev hadisə yerinə gələrək, mənə köməklik göstərib”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sabirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulub. Davranışı üzərində nəzarət Bərdə rayon Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top