Azərbaycanın hərbi prokurorları — SİYAHI

HƏRBİ 10 aprel 2025, 10:00
Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib.

Bu il 70 yaşını qeyd edən Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini — Hərbi prokuror vəzifəsinə təyin edilib. 24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilib.

Ötən gün onun səlahiyyət müddəti başa çatıb və yenidən eyni vəzifəyə təyin edilməyib.

Qeyd edək ki, Xanlar Vəliyevin yerinə hələlik təyinat olmayıb.

Modern.az Azərbaycanın hərbi prokurorlarını araşdırıb.

SSRi dağıldıqdan müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Hal-hazırda Azərbaycan Respublikasının Prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan, Bakı, Qubadlı, Kəlbəcər, Sumqayıt, Gəncə, Şəmkir, Tərtər, Ağdam, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərir.


 

Azərbaycanın ilk hərbi prokuroru Rövşən Əliyev olub. O, 1977-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Baş Prokurorun müavini və Hərbi Prokuror vəzifələrinə qədər yüksəlib. 1992–1993-cü illərdə Hərbi Prokurorluğa rəhbərlik edib. Rövşən Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci ilin 13 martında Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.

1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifəsində çalışan Nizami Təhməzov 1993–1995-ci illərdə Respublika hərbi prokuroru olub. O, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilib. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyib. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışıb. Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunub və fəaliyyətin ilk vaxtlarında ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. O, 2018-ci ildə 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

1995–2000-ci illərdə Respublika hərbi prokuroru vəzifəsini Ramiz Rzayev tutub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Baş Prokuror yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Baş Prokuror yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Hərbi Prokuroru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. 2000–2005-ci illərdə Baş prokurorun birinci müavini olub. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olub. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

2000–2005-ci illərdə Hərbi Prokurorluğa rəhbərlik edən olmayıb. 2000–2003-cü illərdə Baş prokurorun müavini Siyasət Alıyev, 2003–2005-ci illərdə isə Baş prokurorun müaviniİlham Məmmədov hərbi prokuror vəzifəsini müvəqqəti icra edib.

Xanlar Vəliyev isə 2005-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru təyin olunub. O, həmin dövrdən ötən günədək quruma rəhbərlik edib.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 20:55
Top