Ukrayna xalqı tək özünün yox, həm də Avropa, xüsusilə bütün keçmiş SSRİ xalqlarının müstəqilliyi uğrunda vuruşur

DÜNYA 24 fevral 2025, 21:41
Bu gün Rusiyanın Ukraynaya qarşı işğalçı hücumunun 3-cü ildönümüdür.

Putin bu müharibəni başladanda Kiyevin qısa zaman ərzində işğal olunacağına dair fikirlər yayılsa da, bu, baş vermədi.

Hüquqşünas Aslan İsmayılov Gununsesi.info-ya açıqlamasında deyir ki, artıq 3 ildir, Ukrayna xalqı Rusiya işğalına qarşı təkbaşına ölüm-dirim mübarizəsi aparır:

“Milyonlarla yaşlı, uşaq vətənindən didərgin düşüb. Yüz minlərlə insan həlak olub, ağır yaralar alıb. Buna baxmayaraq, qəhrəman Ukrayna xalqı bu gün də dünya, xüsusilə ABŞ liderlərinin namərdliyinə rəğmən mübarizəsini davam etdirir.

Kimlərin nə deməsindən asılı olmayaraq bir daha təkrar edirəm ki, bu gün Ukrayna xalqı tək özünün yox, həm də Avropa xalqlarının, xüsusilə bütün keçmiş SSRİ xalqlarının müstəqilliyi uğrunda vuruşur. Əminəm ki, əgər Ukrayna xalqı bu qəhrəmanlığı göstərməsəydi, artıq bu və ya digər formada keçmiş SSRİ bərpa olunmuşdu.

SSRİ-nin bərpası barədə bir neçə gün bundan əvvəl yazdığım yazıya çoxlu narazılıqların olmasına baxmayaraq, bu təhlükənin bu gün də mövcud olduğunu düşünürəm. Dünyanın başına bəla olmuş Putin – Tramp cütlüyünün istəyinə qalsa, onlar dünyanı istədikləri kimi öz aralarında bölüşdürəcəklər. Putinin və ümumiyyətlə Kremlin bir arzusu var, o da keçmiş SSRİ-ni bərpa etmək. Bunu heç kim yaddan çıxarmasın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 fevral 2025, 00:11
Top