"Üzərində "halal" yazılan bütün məhsullar yenidən yoxlanmalıdır" — TƏKLİF

GÜNDƏM 13 fevral 2025, 15:23
"Malın tərkibində donuz əti ola bilər. Əsas məsələ həmin malın üzərinə "Halal" sözünün yazılmasından gedir. "Halal" sertifikatının verilməsi ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Çox sayda qurumlar illər boyu pul müqabilində müəssisələrə halal sertifikatı veriblər. Halal sertifikat verən orqan akkreditasiyadan keçmiş olmalıdır ki, hüquqi əsası olsun".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

"Azərbaycanda Akkreditasiya Mərkəzi var. İllər öncə Qafqaz Müsəlmanları İdarəsi də bu işin içində olub. Azərbaycanla qanunvericiliyi pozulmaqda saxta halal sertifikatlar verilib.Son qəbul olunan halal standartları ilə razı deyiləm. Hansı müəssisənin İslam bankçılığından kənar bankda krediti varsa, onlara da halal sertifikatı verilməsinin tərəfdarı deyiləm".

Ekspert bildirib ki, Azad İstehlakçılar Birliyinin araşdırması göstərir ki, qanunlara və İslama uyğun olaraq, halal sertifikatı vermək üçün üç qurum Akkreditasiya Mərkəzində qeydiyyatdan keçib:

"Onlar, AQTA, Azstandart və adını bilmədiyim MMC-dir. Bu üç qurumdan yalnız AQTA-nın təzyiqetmə imkanı var. Məndə olan məlumata görə, biznes qurumlarına AQTA tərəfindən təzyiq olunub ki, halal sertifikatı ondan alınmalıdır. Çağırış edirəm ki, bazarda rəqabət yaransın, haqq, ədalət yerini tapsın. Heç bir biznes qurumuna heç kim təsir edə bilməsin. İşlərin təzyiqlə bir qurumun əlində cəmlənməsinə razı deyiləm. Əsas məsələ qurumlar şəffaf və kollegional fəaliyyət göstərsinlər".

Onun sözlərinə görə, Akkreditasiya Mərkəzi boyun qaçırır, əlaqədən yayınır:

"Mərkəz akkreditasiyadan keçmiş qurumların adını göstərməlidir. Saxta halal sertifikatı almış məhsullar geri çağrılmalıdır. Yoxlama funksiyası olan AQTA-nın halal sertifikatı verməsi məntiqli deyil. Qurum özü sertifikat verib, özü yoxlanış edə bilməz. Sertifikat verən orqanla yoxlayan orqan bir əldə olmamalıdır. Gərək sertifikat verən orqan müstəqil olsun ki apponent onu yoxlaya bilsin. Üzərində "halal" yazılan bütün məhsullar yenidən yoxlanmalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top