"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." — Oğlanı hansı cəza gözləyir?

GÜNDƏM 04 fevral 2025, 12:06

Xəbər verdiyimiz kimi, İmişlidə qadını oğurlayan şəxslər Salyanda saxlanılıb. Artıq bununla bağlı təfərrüatlar məlum olub. Yerli mediada yayılan məlumata görə, oğlanın ailəsi əvvəllər qızın ailəsinə elçi gedib. Lakin qız evi evliliyə razı olmayıb. Bunu görən oğlan tərəfi qızı zorla qaçıraraq, məcburi evliliyə çalışıblar. 

Bu konteksdə, maraqlıdır, adam oğurluğu qanunvericiliklə hansı məsuliyyətə səbəb olur?


Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Cinayət Məcəlləsinə əsasən, adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
 

“Həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin qanunda belə bir istisna da var ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur”.

Vəkilin sözlərinə görə, vətəndaşlar bilməlidir ki, qızın ailə qurmaq məqsədilə qaçırılması, yəni el arasındakı adı ilə “qız qaçırtma” əgər qadının könüllü razılığı olmadan və onun iradəsi ziddinə baş verirsə, bu, adam oğurluğu cinayəti sayılır və qız qaçıran şəxsi ağır cəzalar gözləyir:

“Digər tərəfdən, bəzən yetkinlik yaşına çatmayan şəxs öz istəyi ilə qaçır, lakin sonradan istintaq orqanında soruşdurma zamanı obyektiv və subyektiv səbəblərə görə zorla qaçırıldığını bildirir. Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır. Onun əlində qızın könüllü qaçdığına dair sübut yoxdursa, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir. Yəni qızın qaçmağa razılıq verməsi hələ qızın fikrini dəyişməyəcəyi anlamına gəlmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top