İpotekalı mənzillər layihəsində mənzil satışı vətəndaşın cibinə uyğundurmu? — AÇIQLAMA

SOSİAL 14 yanvar 2025, 15:20
"Paytaxt Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlaka olan tələbat daim artır. Bakı, Xırdalan, Sumqayıtda daşınmaz əmlakların qiyməti kəskin sürətdə artıb. Buna görə satılan əmlakların böyük hissəsi müxtəlif kredit şərtləri ilə satılır. Son üç ildə satılan əmlakların 70 faizə qədəri müxtəlif növ kreditli şərtlərlə satılıb. Bu da vətəndaşların ev problemlərinin həllində böyük yol açır". 

Bu sözləri Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

O bildirib ki, ipoteka və digər kredit şərtləri ilə  əmlakların satılması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir:

"Dövlət tərəfindən verilən mənzillərə 4 və 8 faizli adi ipoteka kreditləri, MİDA mənzilləri, Sosial Müdafiə Nazirliyi tərəfindən keçmiş məcburi köçkünlər üçün ayrılmış mənzillər, 2020-ci ildən real bazarda tətbiq olunan kirayə mənzillər layihəsi daxildir. Təkcə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillər üzrə satılan əmlaklarının sayı 6000-dən artıqdır. Bu layihədə satılan mənzillər üçün şərtlər daha sadə və əlçatandır. 

Vətəndaşdan daha çox sənəd toplusu tələb olunmur. Vətəndaşın öz əməkhaqqı az olarsa, ailə üzvlərinin rəsmi gəliri belə əmlakı əldə etmək üçün kifayətdir. Mənzillər müxtəlif ərazilərdədir. Bu layihənin yaranması və tətbiq olunmasında əsas məqsəd kirayə yaşayan vətəndaşların mənzil sahibi olmasıdır. Onlar kirayə ödədikləri pulu mənzillərə ödəyir və kredit müddəti bitdikdən sonra mənzil sahibi olurlar. Bakıda metrostansiyaların yaxınlığında olan köhnə tikili və birotaqlı mənzillərin kirayə qiyməti 350-400 manat arasında dəyişir. Yeni tikili binalar daha baha qiymətə təklif olunur. Sözügedən layihədə aylıq ödəmələr vətəndaşın büdcəsinə uyğun olur. Otaq sayı və ümumi kvadrata uyğun olaraq aylıq ödəmələr tətbiq olunur. Vətəndaşlar kirayə qalmaq yerinə bu cür layihələrə üstünlük verirlər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top