"İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb"

SOSİAL 27 oktyabr 2025, 15:51
"Son günlər sosial şəbəkələrdə Milli Məclisin deputatlarının adından yayılmış saxta məlumatlar geniş müzakirələrə səbəb olub. Əsas problem bu dezinformasiyaların emal olunaraq paylaşılması deyil. Daha ciddi məsələ odur ki, cəmiyyət bu dezinformasiyalara, saxta məlumatlara asanlıqla inanır. İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb. Azərbaycanın 34 illik müstəqillik tarixi ərzində heç vaxt bu qədər zəif və səriştəsiz parlament olmayıb".
 
Demokrat.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Samir Feyruzov deyib.
 
O qeyd edib ki, deputatlatın əksəriyyəti ictimai etimadı itibilər: "Bu gün Milli Məclis nə cəmiyyətin gözləntilərini ifadə edir, nə də ölkənin siyasi gündəminə real təsir göstərir. Deputatlar ayrı-ayrılıqda dövlət üçün ağır bir yükə çevrilib. Deputatların əksəriyyəti ictimai etimadı itirib və parlamentin nüfuzu tarixdə görünməmiş dərəcədə aşağı səviyyəyə enib. Müşahidələr göstərir ki, Milli Məclisin fəaliyyəti Prezidentin fəaliyyətinə adekvat deyil.
Əksinə, parlament üzvləri ayrı-ayrılıqda bilərəkdən, yaxud bilməyərəkdən Prezidentin addımlarını tormozlamaqla məşğuldur. Bu adamlar xalqa, dövlətə vəkillik etməlidir, amma bu gün dövlət bu adamları qorumaq məcburiyyətində qalıb.
 


Jurnalist qeyd edib ki, köhnə Parlamentlə vidalaşmağın vaxtıdır:

"Hakimiyyətdəki köhnə komanda üzvləri II Qarabağ müharibəsindən öncə mərhələli şəkildə vəzifədən uzaqlaşdırıldı. Dövlət haqlı olaraq köhnə komanda ilə müharibəyə getmək istəmədi. Amma yeni kadrlar da gözlənilən nərticəni vermədilər, onları köhnələrdən fərqləndirən yalnız Qərb təhsilli olmalarıdır. Pula, vəzifəyə, kresloya yanaşma eynidir, hətta yeni kadrlar ictimai hesabatlılığı olmayan və daha yırtıcıdır. Bizi hansı sürprizlərin gözlədiyini bilməsək də, köhnə parlamentlə də vidalaşmalıyıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top