“İndiki gənclər insani dəyərlərdən uzaq böyüyür...” — Sükutu pozan tələbələr...

GÜNDƏM 26 dekabr 2024, 19:49
 “Redaksiyamız Pedaqoji Universitetlə qonşudur. Saat 12-də bütün hərəkət dayanıb yolda, maşınlar siqnallayır, hamı bir dəqiqəlik sükut duruşunda qalıb, yalnız universitetdən çıxan tələbələrdən başqa. İşıqforlar qeyri-işlək rejimə keçib, gənclər hərəkətsizliyi gördülər, yenə də dayanmadılar, başqaları irad bildirdi, dayandılar, amma istiqaməti dəyişib yolun digər tərəfinə keçib davam etdilər”.

Bu fikirləri sosioloq Lalə Mehralı sosial şəbəkə hesabında qeyd edib. O, cümlələrinə onu da əlavə edib ki, tələbələrin əksəriyyətinin məlumatı yoxdur hadisə barədə, ya da sükut duruşunun nə olduğunu bilmirlər.

Fikirlərini Demokrat.az-a açıqlayan ekspert müasir gəncliyin insani dəyərlərdən uzaq böyüdüldüyünü deyib:



“Biz uşaqları böyüdürük, yediririk, geydiririk, yaxşı təhsil veririk, yəni bütün mümkün ehtiyaclarını yüksək səviyyədə qarşılamağa çalışırıq. Amma onlara əsl öyrədilməli olan şeyləri öyrətmirik. Hansı ki, bunlar ədəb, dəyərlərə hörmət, milli ənənələrin yaşadılmasıdır. Bu xüsusiyyətləri aşılamağı unuduruq, lüzumsuz hesab edirik. Bugünkü gənclik həmin o lüzumsuz hesab etdiklərimizin nəticəsində yaranan gənclikdir. Bizim öyrətmədiklərimizi öyrənməyərək formalaşan gənclikdir. Hər şeydə gəncləri günahkar hesab edirik, amma bir şeyi unuduruq ki, onları cəmiyyətə hazırlayan elə biz özümüzük. Öyrətmədiyimiz şeylərin gənclər təbii ki, marağında olmayacaqlar. İndiki gənclərdə sanki dəyərlərlə bağlı baza formalaşmayıb. Milli dəyərlər, adətlərlə bağlı onlarda baza biliyi yoxdur. Bunu da biz verməliyik təbii olaraq. Amma bir şeyi də düşünmək lazımdır ki, niyə gənclər özlərinin marağında olan şeyləri axtarıb öyrənirlər, amma bu kimi məsələləri yox?!.. Deməli, onlar istədikəri şeyləri araşdıra bilirlər, problem nəyi istəyib, nəyi istəmədikləridir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 dekabr 2024, 09:37
Top