"Bu proses ölkəmizdə alternativ sahələri inkişaf etdirəcək" — Təkrar emal təşviq edilməlidir

GÜNDƏM 29 noyabr 2024, 21:48
Media Təhlil Mərkəzi Dövlət Statistika Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən açıqladığı rəsmi rəqəmlərə əsasən təhlil aparıb. Belə ki, 2013-cü ildə təkrar xammal və tullantıların təkrar emalı həcmi 3,4 min ton idisə, ötən ilin yekununda bu rəqəm 66,3 min ton olub. Bu isə son 10 ildə təkrar xammal və tullantıların təkrar emalının 19,5 dəfə artması deməkdir. Bununla yanaşı, 2023-cü ildə əvvəlki il ilə müqayisədə 28,7% daha çox təkrar xammal və tullantıların təkrar emalı yerinə yetirilib. Ümumilikdə isə son 10 ildə 305,2 min ton təkrar xammal və tullantıların təkrar emalı baş tutub ki, bunun da 81,91%-ni və ya 250 min tonunu “kağız-karton” məmulatlarının təkrar istehsalı təşkil edir.

“Şüşə” məmulatları isə bu payın 8,39%-nə sahibdir. Belə ki, son 10 ildə 25,6 min ton həcmdə “şüşə” məmulatlarının təkrar istehsalı qeydə alınıb. “Plastik” məmulatlarının təkrar istehsalı isə son 10 ildə 19,2 min ton təşkil edib ki, bu da ümumi göstəricinin 6,29%-ni təşkil edib. Təkrar istehsal olunan məmulatların qalan 3,41%-i isə digər kateqoriyalara aid tullantılardır və 10,4 min ton həcmə sahibdir. Məlumata görə hər il məişət tullantılarının təkrar istehsalı da artan xətt ilə inkişaf edir. Ümumilikdə son 10 ildə 91 milyon kubmetr həcmində məişət tullantısı təkrar istehsal olunub. 2023-cü ildə təkrar istehsal olunan məişət tullantılarının həcmi 11,4 milyon kubmetr həcmində olub və bu, əvvəlki il ilə müqayisədə 2,7%, 10 il öncə ilə müqayisədə isə 62,9% çox deməkdir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, tullantıların təbiətə atılmaması üçün cəmiyyət səfərbər olmalıdır: 

“Biomüxtəlifliyin qorunması üçün hər kəs bu məsələyə həssas yanaşmalıdır. Düşünürəm ki, bunun üçün ölkəmizdə kifayət qədər imkanlar var. Həm də Azərbaycanda gündəlik olaraq tullantıların təkrar emala göndərilməsi ümumilikdə alternativ sahələrin inkişafına gətirib çıxara bilər. Tullantılara təkrar emaldan sonra yeni məhsul kimi baxa bilərik. Bu gün tullanan bir məhsul yoxdur, bir elm adamı  olaraq bunu vurğulamaq istəyirəm. Tullanan hər bir məhsulun təyinatı üzrə təkrar emalı bütövlükdə ölkəmizin inkişafı deməkdir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, təbiətin qorunması deməkdir, canlı mühitin mühafizəsi deməkdir. Məktəblərdə bu işi təşviq etməyə başlasaq, gələcəkdə çox faydası olar. Məktəblilər gələcəyin mütəxəssisləridir, onlar gələcəkdə ailə sahibi olacaqlar. Məktəbdə aldıqları tərbiyəni cəmiyyətə ötürəcəklər. Bu baxımdan məktəb yaşından başlayaraq uşaqlara ekoloji tərbiyənin aşılanması müasir dövrün aktual mövzusudur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top