Sumqayıtda 32 yaşlı kişi keçmiş həyat yoldaşını bıçaqladı

HADİSƏ 14 oktyabr 2025, 16:26
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Səbinəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən Şaurma restoranının yaxınlığında baş verib. 

Vüsal orada şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı bıçaqla zərərçəkmiş şəxsin sağ əl nahiyəsinə bir dəfə qəsdlə vurub, ona xəsarət yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səbinə onun keçmiş həyat yoldaşıdır: “Biz 2012-ci ildə ailə həyatı qurmuşuq və 6 övladımız var. 2024-cü ildə isə rəsmi şəkildə ayrılıblar. Ayrıldıqdan sonra tez-tez övladlarımı görmək üçün onun yaşadığı ünvana gedirdim. Son günlərdə övladlarıma görə onunla barışmaq istəmişəm. Buna görə zərərçəkmiş şəxs ilə mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən  saat 23:00-da 5-ci mikrorayon ərazisində yerləşən Şaurma  restoranının yaxınlığında Səbinəyə yaxınlaşaraq barışmaq istədiyini bildirib: “Lakin üzərimə qışqıraraq təkidlə barışmayacağını dedi və aramızda mübahisə yarandı. Bu  zaman şalvarımın arxa cibində saxladığım, meyvə doğramaq üçün istifadə etdiyim bıçaqla onu qorxutmaq istədim. Həmin vaxt zərərçəkmiş şəxs bıçağın tiyəsindən yapışdı, onu burmağa çalışdı. Bıçağı özümə tərəf çəkməyə çalışdım. Həmin vaxt bıçaq əlini kəsdi. Dərhal zərərçəkmiş şəxsə kömək edərək yaxınlıqda olan aptekdən bint alaraq onun əlini sarıdım və evə apardım. Sonradan onun məndən polisə şikayət etdiyini öyrəndim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 
Həmçinin zərərçəkən keçmiş həyat yoldaşını bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. 

Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 19:43
Top