Masallıda yeznə-qayın arasında qanlı dava —TƏFƏRRÜAT

KRİMİNAL 28 noyabr 2024, 17:52
Masallı rayonunda 1966-cı il təvəllüdlü Rafil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşının qardaşı Həşimə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 sentyabr 2024-cü ildə, saat 23 radələrində baş verib. Rafil qohumu Həşimin yaşadığı Masallı rayonu, Təkdam kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun telefonda ona mütəmadi olaraq spirtli içki içməsi ilə bağlı iradlarını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı araşdırmaya məlum olmayan bıçaqla qəsdən onun sol bazu nahiyyəsinə bir dəfə zərbə vurub. 

Hadisəni törədən Rafilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Həşim onun qaynıdır:

“Sentyabrın 11-də, axşam saatlarında qaynım Həşimə zəng edərək arvadımın onlarda olub-olmamasını soruşdum. Həmin vaxt Həşim mənimlə telefonda kobud danışaraq nalayiq ifadələr işlətməyə başladı. Bundan sonra arvadımın Həşimgildə olub-olmamasını, həmçinin Həşimin mənim təhqir etməsinin səbəbini aydınlaşdırmaq üçün idarə etdiyim “Vaz 21011” markalı avtomobili ilə həmin gün saat 23 radələrində Həşimin yaşadığı Masallı rayonu, Təkdam kəndinə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Həşimin yaşadığı evə girib və hansı səbəbdən telefonda onu təhqir etməsinin səbəbini soruşub: “Həmin vaxt aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı həmişə üzərimdə olan, meyvə doğramaq və təsərrüfat işləri görmək üçün istifadə etdiyim cib bıçağı ilə qorxuzmaq məqsədilə Həşimin sol qol nahiyəsinə bir zərbə vuraraq xəsarət yetirdim. Həşimin qolu qanadı. Həşimin qolundan qan gəldiyini gördüm, qorxaraq həyətə düşdüm. Həşim də arxamca gəldi. Həyətdə olan zaman Həşim üzərimə gəldiyi üçün avtomobilimə əyləşərək oradan uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Həşimin sözlərinə görə, təqsirləndirilən Rafil onun yeznəsidir, onunla əvvəllər münasibətləri həmişə yaxşı olub: “Sentyabrın 11-də, axşam saatlarında yeznəm Rafil sərxoş vəziyyətdə zəng edərək, arvadının bizdə olub-olmadığını soruşdu. Mən də Rafilə evdə olmadığımı, arvadının harada olması barədə heç bir məlumatımın olmadığını bildirdim. Lakin Rafil sərxoş vəziyyətdə olduğu üçün bir neçə dəfə zəng edərək eyni sualları verdi. Sonda əsəbləşərək Rafilə spirtli içki qəbul etməsi ilə əlaqədar iradlarımı bildirdim. Həmin vaxt Rafil məni təhqir etdi. Mən də Rafilin dediyi sözləri özünə qaytardım. Bundan bir neçə dəqiqə sonra Rafil yaşadığım evə gələrək əlində olan bıçaqla üzərimə hücum etdi, sol qol nahiyəmə bir zərbə vurdu. Daha sonra həyətə düşərək getdi. Həmin vaxt evdə olan arvadım və qızım hadisənin şahidi olublar”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olamamasını nəzərə alıb. Bu səbəbdən Rafilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top