Heyvandarlığın yem sahəsinə subsidiyalar ayrıla bilər? — MÜHÜM AÇIQLAMA

SOSİAL 22 noyabr 2024, 09:05
“Heyvandarlıq məhsullarının qiyməti günbəgün artır. Bununla paralel heyvandarlıq məhsullarının istehsalı da ilbəil azalır. Bu da onunla bağlıdır ki, heyvandarlıq məşğul olan fermerlərin imkanları daralır, məhdudlaşır. İmkanlar daraldıqca da istehsal imkanları itirilir.

Bunun da əsas səbəbi heyvandarlıq üçün örüş sahələrinin olmamasıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında heyvandarlıq sahəsindəki problemlərdən danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O, örüş sahələrinin azalmasının yaratdığı problemlərdən söz açıb:

“Örüş sahələrinin azalması səbəbindən heyvandarlıqda maya dəyər kəskin yüksəldiyi üçün fermerlər bu sahədən uzaqlaşmağa başladı. Nəticə də göz qabağındadır. Son illər davamlı olaraq heyvandarlıq sahəsi geri gedir”.

Müsahibimiz hesab edir ki, hökumət məsələyə yenidən baxmalıdır:

“Örüş sahələrinin bərpası gündəmə gətirilməlidir. Ən əsası da yonca əkininə subsidiya verilməlidir. Özü də yüksək səviyyədə. Hesab edirəm ki, pambıqdan, taxıldan daha çox yoncaya diqqət edilməlidir. Çünki biz ərzaqlıq buğdanı əsasən xaricdən alırıq. Yerli taxıl ÜST tələblərinə cavab vermədiyi üçün əsasən yem kimi istifadə olunur. Məhz bu səbəbdən yonca əkininə yüksək subsidiya verilməlidir.

Bundan əlavə, heyvanların süni mayalanmasına görə verilən vəsaitin həcmi artırılmalıdır. 10 ildir ki, süni mayalanma ilə doğulan buzova görə birdəfəlik 100 manat subsidiya verilir. İndiki vaxtda bu vəsait 2-3 dəfə artırılmalıdır ki, fermerlərdə stimul yaransın”.

Akif Nəsirli başqa bir vacib məsələyə toxunub:

“Subsidiyaların əlçatanlığı təmin edilməlidir. Bu gün fermerlər subsidiyanın ancaq 25 faizini nağdlaşdıra bilir. 75 faizin özününküləşdirilməsi isə olduqca çətindir. Hesablama Palatasının bu yaxınlarda açıqladığı hesabata görə subsidiyaların effektivlik dərəcəsi sıfıra bərabərdir. Bunun da birinci səbəbi subsidiyanın 100 faiz nağdlaşdırılmamasıdır.

Bu məsələ öz həllini tapmalıdır. Əks təqdirdə heyvandarlıq sahəsində daha acınacaqlı vəziyyətlə üz-üzə qala bilərik. Bu da ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdid yarada bilər. Ona görə də həm yonca sahələrinə subsidiya verilməlidir, həm örüş sahələri yenidən bərpa olunmalıdır, həm də subsidiyanın əlçatanlığı təmin edilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top