Gürcüstan seçkilərində soydaşlarımızın mühüm rolu — Region xilas edildi

GÜNDƏM 28 oktyabr 2024, 18:37
Gürcüstanda keçirilən seçkilər “marionetka” olmaq və milli maraqları müdafiə etmək, eləcə də müharibə və sabitlik arasında seçim etmək idi. “Gürcü arzusu”nun qələbəsi ikincilərin – milli maraqlarına və sabitliyin qələbəsi deməkdir. Eyni zamanda, Qərbin Gürcüstanda, ümumilikdə regionda dağıdıcı siyasətinin qarşısı alındı.

Qərb Gürcüstanda öz şəbəkəsini hakimiyyətə gətirmək və bu ölkəni “marionetka” etmək istəyir, həmçinin, bütövlükdə Cənubi Qafqazda sabitliyə qarşı olan dağıdıcı siyasətini tətbiq etməyi planlaşdırırdı. Seçkinin nəticəsi fərqli olsaydı – “Gürcü arzusu” məğlub olsaydı, yeni hökumət Qərbin adamı olan prezident Salome Zurabişvili ilə birləşərək, Rusiyaya qarşı “ikinci cəbhənin açılması” tapşırığını yerinə yetirəcək, Gürcüstanda yeni poliqon yaradacaq və regional sabitliyi alt-üst edəcəkdi. Bu, baş vermədi, sabitlik və milli siyasət qələbə çaldı. Bu qələbədə Gürcüstanda yaşayan soydaşlarımızın kifayət qədər böyük payı var.

Gürcüstanda yaşayan 300 min azərbaycanlı sabitliyə və yaşadıqları ölkələrin maraqlarına uyğun qətiyyətli mövqe sərgilədilər. Soydaşlarımızın yaşadığı bütün regionlarda “Gürcü arzusu” yüksək səs faizi ilə qələbə qazanıb. Ümumilikdə hakim partiyanın səslərinin 7-8 faizi azərbaycanlıların yaşadığı bölgələrin payına düşür. Soydaşlarımız həm də əhatə dairəsi və təsir imkanları ilə seçki prosesində mühüm rol oynadılar. Bu, azərbaycanlıların Gürcüstan siyasətində həlledici potensiala malik olduğunu da isbat edir.

Soydaşlarımız Gürcüstanda hakim partiyanı dəstəkləməklə sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər. Bununla da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə imkan vermədilər.

Burada ən vacib məqamlardan biri də Azərbaycanın və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etməsidir. Çünki Ermənistan üzərindən regionda dağıdıcı siyasət yürüdən Qərb Gürcüstanda öz adamları vasitəsilə hakimiyyəti ələ keçirə bilsəydi, bu bütövlükdə bölgənin sülh perspektivini sual altına salacaq və regionumuzu Qərb müstəmləkəsinə çevirəcəkdi. Azərbaycanlılar Gürcüstanda bu planların baş tutmasına qarşı prinsipial mövqe sərgilədi. 

Buna görə soydaşlarımıza xüsusilə təşəkkür edirik. Onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəklədilər.  

Bu gün regionda Gürcüstan və Azərbaycan birliyi var. Tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edir. İndi Gürcüstan hakimiyyətindən əsas gözlənti azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanması və həlli istiqamətində real addımlar atmasıdır. Ümid edirik ki, belə də olacaq.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 23:37
Top