“Azərbaycanın əldə etdiyi nailiyyətlər gürcü vətəndaşlarının iradəsini müəyyən etdi” — Deputat

SİYASƏT 28 oktyabr 2024, 15:52
“Gürcüstanda keçirilən seçkilər hər şeydən öncə gürcü xalqının iradəsinin legitimləşdirilməsi oldu. Gürcüstan xalqı sabitliyə, öz milli maraqlarının qorunmasına səs verdi. Beləliklə, Qərbin Gürcüstan üzərindən regionda qeyri-sabitlik yaratmaq cəhdləri baş tutmadı. Qərb Rusiyaya qarşı ikinci cəbhə aça bilmədi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlunun fikrincə, bu seçim Gürcüstan- Azərbaycan münasibətləri kontekstində də vacib qərar oldu:

“Azərbaycan və Gürcüstanın regiondakı maraqlarını birgə müdafiə etməsi, bu maraqların bir-biri ilə sıx bağlı olması Gürcüstanda keçirilən seçkilərin nəticəsindən də asılı idi. Çünki nəticə etibarilə bundan sonra Cənubi Qafqazda sabitlik və Gürcüstan- Azərbaycan münasibətlərinin inkişafı üçün bu seçkinin nəticələri mühüm əhəmiyyət kəsb etdi. Seçkilərin yekununun qiymətləndirilməsi üçün biz Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinə ünvanladığı təbrik məktubuna diqqət yetirməliyik. Cənab Prezident öz məktubunda qeyd edir ki, gürcü xalqı sülhə, inkişafa və ənənəvi dəyərlərə səs verdi. Düşünürəm ki, hər üç komponent Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir. Çünki Qərbin istismarçı demokratiyası adı altında Gürcüstanda hakimiyyət dəyişikliyi baş versəydi, regionda bir uçurum yarana bilərdi. Halbuki Cənubi Qafqazda əsrlərdir davam edən ortaq qonşuluq siyasəti, ortaq maraqlardan çıxış edilməsi nəticə etibarilə iki ölkə arasında dərin münasibətlər yaradıb. Qərbi narahat edən də bu idi. Məqsəd region dövlətləri arasında ziddiyyətlər yaratmaq və onları qlobal imperializmin alətinə çevirmək, öz maraqlarını diqtə etmək idi. Belə olan halda regionda sabitlik və inkişafdan danışmaq olmazdı”.

Millət vəkili hesab edir ki, gürcü xalqının legitim mandat verdiyi hakimiyyət bundan sonra Azərbaycanla münasibətlərin güclənməsinə daha çox səy göstərəcək:

“Azərbaycanın əldə etdiyi tarixi qələbəni öz ərazi bütövlüyü üçün nümunə olaraq görən gürcü xalqı məhz indiki hakimiyyəti formalaşdırdı. Çünki gürcü xalqı Azərbaycanın, əslində, demokratiyaya ən bariz nümunə olan öz haqqını bərpa etməsi hadisəsini örnək götürdü. Dünyada ən böyük demokratiya bir ölkə vətəndaşlarının öz ölkəsində azad və sərbəst hərəkət etməsinin təmin olunmasıdır. Gürcülər də bunu istəyirlər. Hazırda Gürcüstanın ərazisinin 10 faizindən çoxu işğal altındadır. Düşünürəm ki, Azərbaycanın əldə etdiyi bu nailiyyətlər gürcü vətəndaşlarının iradəsini müəyyən etdi. Gürcüstan-Azərbaycan münasibətləri nə qədər dərin inkişaf edərsə, bir o qədər də hər iki ölkənin maraqları təmin edilmiş olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top