"Qərbi Azərbaycana qayıdış üçün mənəvi və ideoloji baza yaradılmalıdır" — Rauf Zeyni

GÜNDƏM 25 oktyabr 2024, 23:03
Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində Qərbi Azərbaycanla bağlı həyata keçirilən layihələr və onların cəmiyyətə təsiri haqqında vacib açıqlamalar verib.

QHT.az xəbər verir ki, Rauf Zeyni layihələrə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirərək, bu təşəbbüslərin ictimai rəyi dəyişdirməkdə və ideoloji baza yaratmaqda mühüm rol oynadığını qeyd edib. O, Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Məhəmməd Quluzadəyə də xüsusi təşəkkür edib: “Məhəmməd Quluzadəyə dərin minnətdarlığımı bildirirəm ki, həm dost, həmkar, həm də institutun rəhbəri kimi bizim qeyri-hökumət təşkilatlarına daim dəstək olur, onlara fəaliyyət şəraiti yaradır”, - deyə o vurğulayıb.

Çıxışında R. Zeyni, QHT-lərin keçmişdə Qarabağ və Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı təbliğat fəaliyyətlərindən bəhs edərək, bir vaxtlar bu fikirlərin bəzi vətəndaşlar tərəfindən ciddi qəbul edilmədiyini bildirib: “30 il boyunca Qarabağla bağlı təbliğat aparanda çoxları deyirdi ki, artıq Qarabağı kim qaytaracaq? Ancaq indi biz yaxın gələcəkdə Qərbi Azərbaycan torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışın mümkün olduğuna inanırıq,” - deyə o qeyd edib.


Bu layihələrin və onların nəticələrinin əhəmiyyətini vurğulayan R. Zeyni, cəmiyyətdə ictimai rəyin dəyişdirilməsinin vacibliyini bir daha dilə gətirib. O, bu layihələrin xalqın milli hüquqlarını bərpa etmək istiqamətində mənəvi və ideoloji baza yaratdığını bildirib. Rauf Zeyni əlavə edib ki, Zəngəzur, Göyçə və Dərələyəz kimi dədə-baba torpaqlarının geri qaytarılmasına cəmiyyətdə mənəvi hazırlıq formalaşdırılmalıdır: “Biz bu mübarizənin mənəvi bazasını yaradırıq. Bunun necə olacağını zaman göstərəcək, lakin hazırda biz bu ideologiyanı möhkəmləndiririk. Buna görə də bizə dəstək olan hər kəsə təşəkkür edirik və zəruri hallarda mənfi fikirlərə layiqli cavab verməliyik,” - deyə o, fikirlərini tamamlayıb.

Bu çıxışı ilə R. Zeyni, Azərbaycanın milli birliyini və əzəli torpaqlarına qayıdış əzmini gücləndirən QHT-lərin rolunu önə çəkərək, bu istiqamətdə görülən işlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top