Vətəndaş cəmiyyətinin maliyyə imkanları artırılır — AÇIQLAMA

GÜNDƏM 23 oktyabr 2024, 16:11
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna noyabrın 25-də başlanacaq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin analitik qrupu 2025-ci il cəmiyyət həyatında mühüm yer tutacaq ən aktual mövzuları prioritetləşdirib. Müraciət üçün son tarix dekabrın 25-dir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri gələn ilin I rübü ərzində elan olunacaq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ölkədə ən böyük donor olduğunu deyən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, vətəndaş cəmiyyətinin fəaliyyətinin genişlənməsində Agentlik mühüm rola malikdir. C.Hüseynzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Agentlik layihələrin sayının artırılması üçün addımlar atır:

“2025-ci il üçün nəzərdə tutulmuş qrant müsabiqəsində ötən illərdən fərqli olaraq mövzular şaxələndirilib. Burada 8 istiqamət yer alıb - ideoloji təhlükəsizlik, hibrit təhdidlərə qarşı mübarizə, Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi, şəhid ailələri və müharibə iştirakçıları ilə iş, sağlam və təhlükəsiz həyat tərzinin təbliği, erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş, milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər. Cənab Prezidentin ideoloji  təhlükəsizlik məsələsinə son dövrlərdə diqqəti artırması dövlətimiz, cəmiyyətimiz üçün prioritet olan müəyyən məsələlərin önə çıxmasına təkan verir və qurumlar qarşısında öhdəlik qoyur. Vətəndaş cəmiyyəti də bu proseslərdə aktiv iştirak etməlidir”.

C.Hüseynzadə vətəndaş cəmiyyətinin maliyyə imkanlarının davamlı olaraq artırılmasının vacib olduğunu deyib:

“Sözsüz ki, biz hər zaman qeyd edirik ki, alternativ maliyyə mənbələrinin olması vacibdir. Milli maraqların müdafiəsi üçün yerli donor institutunun inkişaf etdirilməsi, daha keyfiyyətli layihələrin icra edilməsi hər zaman diqqətdədir. Hər il uğurlu layihələrimiz olur, Qərbi Azərbaycan, ekologiya mövzularında maarifləndirici layihələrimiz var. Beynəlxalq arenalarda təmsilçiliklə bağlı Avropa ölkələrində bir sıra yaxşı layihələr icra olunur. Bu layihələr həm vətəndaş cəmiyyətini inkişaf etdirir, həm də cəmiyyətə təsir imkanlarını artırır. Bu sahədə uğurlu, inkişafa yönəlik rəqabəti də görmək mümkündür. Dövlətin və aidiyyəti qurumların vətəndaş cəmiyyətinə maliyyə dəstəyini artırması hesab edirəm ki, QHT-lərin cəmiyyətdə təsir vasitələrini gücləndirəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top