Əsmanur bağçasında uşaqlara yatmaları üçün "ketotifen" verildiyini deyən ana təhdid olunur? — VİDEO

SOSİAL 23 oktyabr 2024, 15:27
Xəbər verildiyi kimi özəl bağçada uşaqlara yatmaları üçün "ketotifen" dərmanı verildiyi iddia olunur. Söhbət ötən gün aktuallaşan “Əsmanur” adlı özəl bağçadan gedir. Belə ki, valideynlər uşaqlarının gecələr yatmadığını görüb, şübhələniblər. Valideynlərin bildirdiyinə görə övladlarının tibbi analizlərində qanlarında "Ketotifen” aşkarlanıb. İddia olunur ki, bağça rəhbərliyi tərəfindən uşaqlara davamlı "Ketotifen” dərmanı verilir. Beləliklə, uşaqlar bütün günü yatır, hətta günorta oyanıb, yemək belə yemirlər.

Valideyn şikayətçi deyil?

Valideynlərin bir çoxu bu xəbərdən sonra uşaqlarını bağçadan çıxarıb. Bəziləri ödənişlərinin geri qaytarılmasını istəyir. Bağçanın aylıq qiyməti 200 manatdır. Bəziləri də sadəcə bu addımı atanların cəzalandırılmasını istəyir. Buna görə də, zərərçəkmişlərdən biri Elnurə Hüseynova polisə müraciət edib. Mediada gedən xəbərlərə görə, şikayətçi valideyn polis bölməsində ərizəsini geri çəkib və bağçadan yalan məlumat yaydığına görə üzr istəyib.

“Bu addımı atan müəllimlər cəzalandırılmalıdır”

Elnurə Hüseynova Bizim.Media-ya açıqlamasında yazılanların həqiqəti əkst etdirmədiyini bildirib. O, polis bölməsindən ərizəsini geri çəkmədiyini və dediklərininn yalan olmadığını vurğulayıb:
 
“Bağçada uşaqlara dərman verildiyini aşkar edəndən sonra şikayət etdim. Bağçanın direktoru İlahə Xuduqızı şikayətimizə əsasən təqsirli olan müəllimləri işdən azad edib. Amma mən düşünürəm ki, işdən azad etmək yetərli deyil. Bu addımı atan müəllimlər cəzalandırılmalıdır. Ona görə də, polisə müraciət etmişəm və şikayətimi geri çəkməyi də düşünmürəm. Əlimdə sübutlar çoxdur, hər birini polis bölməsinə təqdim etmişəm”.

Şikayətçi həyatı ilə təhdid edilir?

Elnurə Hüseynova bu məsələni işıqlandırdığı üçün təhdid edildiyini də bildirib:

“Bu məsələni işıqlandırandan bəri izlənirəm, hətta bağçada işləyən müəllim tərəfindən iclasda təhqir olunmuşam və öldürülməklə təhdid olunmuşam. Küçəyə tək çıxmağa qorxuram. İndi o müəllimlərin hər biri işdən azad edilib”.

Bağçadan açıqlama

Bağçanın direktoru İlahə Xuduqızı isə Bizim.Media-ya açıqlamasında deyilənləri təkzib edib:

“Mən müəllimləri dərman verdiklərinə görə işdən azad etməmişəm, valideynlərlə düzgün olmayan rəftarlarına görə işdən azad etmişəm. Deyilənlər tamamilə yalandır. Valideynin müəllimlə arasında söz-söhbət olub, müəllim ona kobud rəftar göstərib. Elnurə xanım da hirsini belə çıxır. Mən dəfələrlə Elnurə xanıma demişəm ki, analizləri mənə də təqdim etsin. Amma o, analizləri mənə göstərməyib. Polis bölməsinə də ancaq səs yazıları təqdim edib, heç bir analiz nəticəsini təqdim etməyib”, - deyə İlahə Xuduqızı qeyd edib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 157 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top