Millət vəkili: “COP29 sülhün təmin olunmasına töhfə verməlidir”

GÜNDƏM 18 oktyabr 2024, 13:26
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-nin “Newsweek” nəşrində məqaləsi dərc olunub.

Məqalədə qeyd olunub ki, Azərbaycan COP29 öncəsi iqlim böhranı ilə yanaşı regional sülhə nail olmaq istiqamətində səy göstərir. Prezidentin köməkçisi Ermənistanla ikitərəfli sülh danışıqlarının COP29-a ev sahibliyi hüququnun əldə edilməsində əsas rol oynadığına diqqət çəkib. Ermənistanla Azərbaycan arasında tarixi razılaşmaların əldə olunması, o cümlədən əsirlərin mübadiləsi və sərhəd delimitasiyası komissiyalarının fəaliyyətini qeyd edən Hacıyev bu prosesin sülhə doğru irəliləməsi üçün vacib addım olduğunu bildirib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib. Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.

Millət vəkili Fazil Mustafa bu yanaşmanın doğru olduğunu hesab edir.

Demokrat.az-a açıqlama verən  F.Mustafanın fikrincə,COP29-da qlobal iqlim problemləri ilə yanaşı Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti, həmçinin regional sülh və təhlükəsizlik məsələsi də diqqətə çatdırılmalıdır:

“Düşünürəm ki, Hikmət Hacıyevin bu iki paradiqma üzərindən müəyyən prosesləri qabartması Amerika ictimaiyyətində bu tədbirin əhəmiyyəti ilə yanaşı onun mümkün müsbət nəticələri barədə fikir formalaşdıracaq. Çünki biz təkcə iqlim dəyişikliyi məsələsində müəyyən spektr qüvvələri bu prosesə cəlb edə bilirik, onları maraqlandıra bilirik. Amma sülh məsələsi gündəm olanda artıq daha böyük miqyasda tədbirin əhəmiyyətini diqqətə çatdırmış oluruq. Düşmənçilik münasibətindən asılı olmayaraq ümumbəşəri problemlərin həllində müəyyən məsələləri kənara qoyub birgə addımlar ata bilərik. Ona görə də daha ciddi işlər görülməsi üçün yeni fürsətlər yaranıb və biz bu fürsətləri dəyərləndirməliyik. 

Bu məqalə də səviyyəli şəkildə bütün bu məqamları ehtiva edir. Xarici siyasətimizdə həm iqlim problemi, həm də humanitar və sülh problemləri önə çəkilməlidir. COP29 sülhün təmin olunmasına töhfə verməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top