"Bu fakt 30 il ərzində Azərbaycanın qazandığı ən böyük uğurdur" — AÇIQLAMA

GÜNDƏM 18 oktyabr 2024, 13:59
Bu gün Müstəqilliyimizin Bərpası Günüdür. Azərbaycan son 30 ildə tarix boyu görülməyən işlər görüb və ya yarımçıq qalan işləri tamam edib. Azərbaycanın bu illər ərzində qazandığı uğurların sayı-hesabı yoxdur. Dövlət və xalqın birliyindən doğan uğurlar danılmaz və əbədidir. 

Politoloq Sədrəddin Soltan Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətini bərpa etməklə yanaşı, Cumhuriyyət dövründə yarımçıq qalmış işləri başa çatdırdı:

"Bu, yarımçıq qalan iş Qarabağ savaşı idi. Azərbaycan Respublikası mühüm müharibəni başa çatdırdı. Hazırda Azərbaycan ərazisində heç bir dövlətin ordusu yoxdur. Bu fakt 30 il ərzində Azərbaycanın qazandığı ən böyük uğurdur. Azərbaycan dünyanın və regionun təhlükəsizliyi sahəsində aparıcı rollardan birini oynayır". 

Azərbaycanın Beynəlxalq tranzit xətlərinin, yol- nəqliyyat infrastrukturunun keçməsində də vacib rola malik olduğunu qeyd edən politoloq qarşıdakı ən böyük layihənin "Orta yol" layihəsi olduğunu deyib:

"Bu da ən böyük uğurlarımızdandır. Azərbaycanın həm də dövlət olaraq Güney Azərbaycan türklərinin ana dilində təhsili məsələsini xarici siyasətinin prioritetlərindən elan etməsi müstəqilliyimizin bərpasının bəhrəsidir. Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindən biri olmağımız da Cümhuriyyət dövründə yarımçıq qalmış işin davamı idi. Məhəmməd Əmin Rəsulzadə bildirib ki, Azərbaycan əski Turanın göbəyi, yenisinin açarıdır. Azərbaycan milli hüquqları tapdanan, mülkiyyəti əlindən alınan, qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir. Bu məsələni Azərbaycan beynəlxalq səviyyəyə çıxardı. Bununla da yarımçıq qalan işlərdən biri də tamamlanmağa başlayır".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top