İşdən yorğun gələn kişidən arvadına qarşı CİNAYƏT

KRİMİNAL 18 oktyabr 2024, 15:14
Abşeron rayonunda 1968-ci il təvəllüdlü Adəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 20-də rayonun Qobu qəsəbəsində baş verib. Adəm həmin gün saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evə alkoqol sərxoşluğu vəziyyətində gəlib. 

Daha sonra o, arvadı Leylanın ayaqqabıların yerinin dağınıq vəziyyətdə olduğunu sözlə irad bildirərkən sonuncu onun iradlarını qəbul etmək istəmədiyi üçün bu səbəbdən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edib. O, Leylanın üzərinə hücum edərək əvvəlcə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən ardıcıl zərbələr vurub. 

Daha sonra isə evdə istifadə olunan bir ədəd məişət əşyası hesab edilən taxta materialdan olan stulu götürərək həmin stul ilə Leylanın qollarından və bədəninin müxtəlif nahiyələrindən vurub. Arvadının başın alın nahiyəsinə xəsarətlər yetirib. 

Hadisəni törədən Adəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Leyla onun arvadıdır: “Qızlarım ailə həyatı quraraq başqa ünvanlarda yaşayır, oğlum isə bizimlə birlikdə olur. Biz Qobu qəsəbəsində yerləşən evdə yaşayırıq. Mən Təcili Tibbi Yardım Stansiyasında sürücü işləyirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 20-də işdən yorğun halda çıxıb və kafelərin birinə gedib: “Kafedə spirtli içki qəbul etdim. Sonra saat 22 radələrində yaşadığım evə gəldim. Evdə ayaqqabı yerinin dağınıq halda gördüm.

Ayaqqabılarımı çıxararaq kənara atdım. Həmin vaxt arvadım mənim ünvanına nalayiq ifadələr işlətdiyi üçün bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Mübahisə vaxtı əsəbiləşərək Leylanın üzərinə gedərək əlim ilə onun sifət və baş nahiyələrindən vurdum. Lakin Leyla yenə də ünvanıma nalayiq sözlər işlətməyə davam etdi. Ona sakit olmağını söyləsəm də, Leylanın sakitləşmədiyini gördüm. Mətbəxdə olan stulu götürdüm və həmin stulla Leylanın qollarından qəsdən zərbələr vurdum”. 

Adəm bildirib ki, arvadına xəsarət yetirəndən sonra kənara çəkilib: “Həmin vaxtdan sonra Leyla evdən çıxaraq qardaşının yaşadığı evə getdi. Sonradan bildim ki, Leyla barəmdə Qobu Polis Bölməsinə şikayət edib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, Adəm ilə 1993-cü ildə rəsmi qaydada ailə qurub, birgə nigahlarından üç övladı var: “Qızlarım ailə həyatı quraraq başqa ünvanlarda yaşayır, oğlum isə bizimlə birlikdə olur. Ərim Adəm mütəmadi olaraq işdən sonra spirtli içki qəbul edir. Evdə əsəbiləşərək söz-söhbət, mübahisə yaradır. İyunun 20-də, saat 22 radələrində Qobu qəsəbəsində yaşadığım evdə olarkən Adəm sərxoş vəziyyətdə evə gəldi. Mənə evdə ayaqqabılarına yer olmadığını deyərək ayaqqabılarını çıxardı və kənara atdı. Mən də ayaqqabının birini tapsam da, digər tayını tapa bilmədiyim üçün Adəmdən ayaqqabının yerini soruşdum. Həmin vaxtı Adəm ayaqqabı ilə bağlı yaranmış vəziyyətə görə əsəbiləşdi, üzərimə gələrək əli ilə sifətimdən və baş nahiyəmdən vurdu”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra isə evdə olan stulu götürüb və stulla qol, baş, bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirib: “Bundan sonra Adəm kənara çəkilərək sakitləşdi. Mən də buna görə sonradan Qobu polis bölməsinə gələrək ərim  Adəmin  barəsində şikayət etdim. Baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Adəmin barəsində olan cinayət təqibinə xitam verilib. Bu səbəbdən Adəmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top