Bir yerdə çörək kəsdiyi dostunu bıçaqladı —TƏFƏRRÜAT

KRİMİNAL 18 oktyabr 2024, 13:35
Bakının Yasamal rayonunda 1976-cı il təvəllüdlü Rüfət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Kənana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 6-da Yasamal rayonun Ə.Ələkbərov küçəsində baş verib. Rüfət həmin gün gecə saat 1 radələrində tanışı Kənan ilə spirtli içki qəbul edib. 

Daha sonra Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 55 saylı ünvanın yaxınlığında yerləşən söhbətgaha gələrək orada əyləşərək pivə içiblər. Rüfət Kənanla heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu vurmaqla qisas almaq məqsədi ilə özündə olan bıçaqla bir dəfə vurub. 

Hadisəni törədən Rüfətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Kənanla onun arasında bu vaxta qədər, yaxud da o hadisədən sonra heç bir münaqişə, heç bir mübahisə, heç bir konflikt və ya hər hansı bir problem olmayıb: “Biz bir məhəllədə yaşamışıq, çox yaxşı münasibətdə olmuşuq. Anam rəhmətə gedən zaman Kənan mənə köməklik edərək evimin qapısını açıb. Mən Kənana həmişə minnətdarlığımı bildirmişəm”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, hadisə günü, gecə saat 1-2 radələrində ikisi oturaraq kafedə pivəni araqla qarışdırıb içib: “Sonra girərək dükandan meyvə, 4 litr pivə aldım. Bir yerdə oturaraq təkrar içdik. Həddindən ziyadə çox içmişik. Ərrafda ikimizdən başqa heç kəs olmayıb. Yeyib içə-içə, deyib gülə-gülə öz aramızda danışaraq söhbət etdik. Biz  içməyə gedərkən Kənan yaralı olmayıb. Biz üzbəüz oturmuşuq, aramızda dəmir masa olub. Mən bıçaqla meyvə doğrayarkən Kənan yanıma gəldi. Çox güman ki, zarafatla məni qucaqladı. Çox içmişdik deyə olanları dəqiq xatırlaya bilməmişəm. Kənan məni qucaqlayarkən əlimdə meyvə doğradığım bıçaq olub. Sonra Kənan əlini qabırğasından tutdu və ona nəsə olduğunu bildirdi. Kənanın əlinə baxdım və qan gəldiyini gördüm. Həmin vaxt Kənanın sinəsində qan olmayıb, əynində qara köynək olduğundan bilinməyib. Köynəyin yaş olduğunu sonra gördüm. Hadisənin necə baş verməsi yadımda qalmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha Kənanı taksiyə otuzdurub və o, xəstəxanaya gedib: “Həmin an mən məsələnin ağırlığını dərk etmədim. Mən özüm isə yaşadığım evə getdim. Evimə getməkdə məqsədim əyin-başımı dəyişərək həkimə getmək istəməm olub. Sonra mənə Kənanın dostlarından zəng gəldi. Kənanın vəziyyətinin ağır olduğu, ölüm ayağında olması bildirildi. Hər bir halda buna hazır olmaq mənə deyildi. Kənanın dostları həm də mənim dostlarım olub. Kənanın ölüm xəbərini eşidəndən dünya başıma fırlandı. Bundan sonra hadisənin baş verməsində özümü təqsirli bildim. Hadisənin ortaya çıxacağını fikirləşərək qorxdum. Xəstəxanaya deyil, 26-cı polis bölməsinə getdim”.

Məhkəmədə Rüfətin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olub. O, həmin ifadəsində özünü təqsirli bilib və göstərib ki, Kənan onun yaxın dostudur, həm də qohum kimi ailəvi yaxın münasibətləri var: “Kənanla bir məhəllədə böyümüşük, həmçinin Kənanla qardaş kimi münasibətim olub. 6 iyul 2023-cü ildə, gecə saat 1 radələrində yaşadığım evdə olan zaman Kənan mobil telefonuma zəng vuraraq məni Ə.Ələkbərov küçəsində yerləşən adını bilmədiyim kafeyə pivə içmək üçün dəvət etdi. Mən də Kənana etiraz etmədim, onun dediyi kafeyə getdim. Həmin vaxt Kənan ilə bir masada əyləşərək araq və pivə içdim. Təxminən bir saat sonra birlikdə kafedən çıxaraq mağazaların birindən dörd litr pivə aldıq, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ilə M.Müşfiq küçəsinin kəsməsində həyətdə olan besedkada əyləşərək pivə içdik, söhbət etdik. Söhbət əsnasında Kənan qəflətən özündən çıxaraq məni təhqir etməyə başladı. Mən təəcüblənərək Kənandan məni təhqir etməsinin səbəblərini soruşdum. Kənan bir dəfə də şillə ilə üzümə vurdu. Mən Kənan sakitləşsin deyə, cavab olaraq onun üz nahiyəsindən bir dəfə şillə ilə vurdum. Lakin Kənan sakitləşmək əvəzinə ünvanıma nalayiq ifadə işlədərək məni yenidən vurmaq üçün üstümə gəldi. Həmin vaxt əsəbləşərək cibimdə olan bıçağı çıxartdım. Kənanı qorxutmaq məqsədi ilə onun bud nahiyəsindən vurmaq istədim. Kənanın bud nahiyəsindən vurmaq istədim. Kənan qəflətən aşağı əyildi və mənə elə gəldi ki, vurduğum bıçaq zərbəsi Kənanın ayaq nahiyəsindən dəyib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Kənan həmin yerdən yol kənarına getmək istəyib: “Kənanın arxası ilə qaçaraq yol kənarında dayanmış taksiyə mindirdim, onu xəstəxanaya yola saldım. Bundan sonra özümdə olan bıçağı otluq bir əraziyə ataraq oradan uzaqlaşdım və yaşadığım evə getdim. Sonra mənə məlum oldu ki, Kənanın ayağından bıçaqla vuran zaman aşağı əyilib, vurduğum bıçaq Kənanın döş qəfəsindən dəydi. Bundan sonra özümü səliqəyə saldım və könüllü olaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə getdim. Polis bölməsində etdiyim əməli etiraf edərək səmimi peşmançılığımı bildirdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kənanın sözlərinə görə, hadisə günü çox içmək təklifi ondan gəlib: “Rüfətlə bərk zarafatım olub. Arada zarafatla qıçıma girərək güləşdik. Rüfətlə zarafat etmişəm, həmin vaxt bıçağı tam görməmişəm. Bıçağın mənə dəydiyini bilməmişəm. Biz bir az oturandan sonra qabırğamın altından sancı başladı. Əlimi vurdum, əlimin içinin qan olduğunu gördüm. Sonra yerə baxdım, yerin də qan olduğunu gördüm. Rüfətə “mənə deyəsən bıçaq dəydi” dedim. Rüfət bıçağı açaraq baxdı. Bıçaqda qan olmadığını gördüm. Bıçağın mənə dəyməsinin mümkün olmadığını bildirdim. Bıçağı bağlayaraq cibimə qoydum. Rüfət yola çıxaraq taksiyə minməyi və xəstəxanaya getməyi təklif etdim. Mən Rüfətin xəstəxanaya getməsinə etiraz etdim. Onun atama və dayıma xəstəxanaya getməyimi, üstümdə pulumun olmadığını, mənə pul gətirmələrini deməyi tapşırdım. Atama verməsi üçün maşınımın açarlarını ona verdim. Bundan sonra xəstəxanaya getdim. Yolda gedərkən dostlarıma zəng eləyərək hadisə barədə məlumat verdim. Ondan sonrakı proseslərdən xəbərin olmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüfətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top