Bakıda dəhşətli qətl: 36 yaşlı oğlan dostunu zirzəmidə öldürdü — TƏFƏRRÜAT

KRİMİNAL 16 oktyabr 2024, 14:37
Bakının Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Asim Nəcəfov tanışı, 32 yaşlı Şahmar Balayevi qətlə yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Asim sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Şahmara 2018-ci ildə borc verdiyi 400 manat pulu dəfələrlə geri tələb edib. Buna baxmayaraq Şahmar borcunu qaytarmayıb, hər dəfə Asimi və ailə üzvlərini nalayiq sözlərlə təhqir edib. Bu səbəbdən Asim şahmarı öldürmək qərarına gəlib. 

Asim 31 dekabr 2021-ci ildə, saat 12 radələrində yaşadığı mənzildə saxladığı ov bıçağını götürüb və Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı binanın 7-ci blokunun zirzəmisində yerləşən yaşayış yerinə gəlib. 

O, yataq otağında yatan Şahmarı oyatmaq üçün əlində olan bıçağın tiyəsi ilə sağ qoluna üç dəfə vurub. 

Bu zaman Şahmar yuxudan oyanaraq Asimə müqavimət göstərib. Nəticədə Asimin əlindəki bıçaq qatlanmasına baxmayaraq, həmin bıçağın dəstəyi ilə Şahmarın başından və sağ qolundan vurub. Şahmar aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürm) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O, ifadəsində göstərib ki, anası Rəfiqə, atası Əbilfat və dostu Bəhruzla birlikdə yaşayıb: 

“Bəhruz mənim uşaqlıq dostumdur. Bəhruzun valideynləri vəfat edəndən sonra tək qaldığından bizimlə yaşamasını təklif etdim, təxminən bir ildən çoxdur ki, bizimlə birlikdə yaşayıb. Mən 2006-cı ildə Nəsimi rayonu ərazisində yerləşən 42 nömrəli orta məktəbi bitirmişəm. 2007-2008-ci illərdə Gəncə şəhərində daxili qoşunlarda hərbi xidmətdə olmuşam, 2008-2010-cu illərdə “Aquavita” su şirkətində ekspeditor işləmişəm. 2010-cu ildən atam Əbülfətin yanında qaynaq işləri görməyə başlamışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2013-cü ildən 2017-ci ilədək fasilələrlə müxtəlif yerlərdə mühafizəçi işləyib: 

“2017-ci ildə Türkiyənin İstanbul şəhərində mebel ustası işləyən uşaqlıq dostum Zaminlə danışaraq yanında iş varsa onunla işləmək istədiyimi bildirdim. Zamin də özünün işlədiyi sexdə mənim işləməyimə kömək edə biləcəyini dedi. Bundan sonra İstanbul şəhərinə Zaminin yanına getdim. Biz birlikdə kirayə yaşamağa və işləməyə başladıq. Beləliklə, 2017-2021-ci illərdə İstanbul şəhərində fəhlə işlədim və həmin müddət ərzində müxtəlif vaxtlarda Bakı şəhərinə gələrək qayıtmışam”. 

Asimin ifadəsinə görə, 2019-cu ildən sonra Bəhruz da onunla Türkiyəyə gedib və onlar birlikdə işləyiblər: 

“Sonuncu dəfə Türkiyəyə 2021-ci ilin mart ayında Bəhruzla birlikdə getdik. Biz 2021-ci ilin noyabr ayınadək orada işlədik. Anamın məni evləndirmək üçün təkidli xahişlərimdən sonra 2021-ci ilin noyabr ayında Türkiyədən Bakıya qayıtdım. Şahmar mənim sinif yoldaşım olub. Şahmarın 1996-cı ildən birinci sinfə getdiyi vaxtdan tanımışam və həmin vaxtdan dost olmuşuq. Aramızda ancaq dostluq münasibəti olub. Türkiyədə işləməyə başlayandan sonra Şahmarla ünsiyyətim azalıb. Buna baxmayaraq imkan olduqda görüşmüşük. 

2018-ci ilin sentyabrında Türkiyədə olduğum zaman Şahmar  zəng edərək anasının xəstə olduğunu deyərək borc kimi 500 manat istədi və 15-20 günə qaytaracağını bildirdi. Şahmara 500 manata imkanımın olmadığını, 400 manat verə biləcəyimi dedim. Şahmar da razılaşdı. Mən Şahmara həmin pulu anam Rəfiqədən götürməsini dedim və anama da bu barədə məlumat verdim. Bundan sonra Şahmar anamdan 400 manatı götürdü”. 

Asimin sözlərinə görə, 2018-ci ilin oktyabrın sonlarında Şahmar ona zəng edib: 

“Şahmar anam Rəfiqə haqqında “bizi bezdirib, pulum yoxdur, olanda verəcəyəm” deyərək anamı və ailəmi söyməyə başladı.. Şahmarın bu davranışı məni çox məyus etdi. Cavabımda Şahmara yaxın zamanda Bakıya gələcəyimi, görüşərək danışacağımızı bildirdim. Bundan sonra anam Rəfiqəyə zəng edərək Şahmara verdiyim 400 manat pulu istəməməsini, Bakıya qayıtdıqdan sonra özümün onunla danışacağımı dedim. Bu müddət ərzidə Şahmarın narkotikə qurşandığını, hətta bu əməllərə görə məhkum olunduğumu da bildim. Bu səbəbdən anam da mənə daha Şahmarla ünsiyyətdə olmasını istmədi”. 

Asim qeyd edib ki, 2021-ci ilin noyabrında Bakı şəhərinə qayıtdıqdan sonra təsadüfən Şahmarı ilk dəfə həmin ilin dekabr ayının sonlarında Nəsimi rayonu ərazisində “İstanbul” otelin yaxınlığında görüb: 

“Şahmar siqaret çəkə-çəkə mənə tərəf gəldi və biz salamlaşdıq. Söhbət əsnasında Şahmardan 400 manat pulu nə zaman qaytaracağını soruşdun. Şahmar isə rişxəndlə “verəcəm də” deyə cavab verdi. Daha sonra isə çox kobud şəildə “vermirəm” deyərək ailəmi söyməyə başladı. Şahmara onunla sonra görüşəcəyimi deyərək oradan uzaqlaşdım. Şahmar isə yenidən məni və ailəmi, xüsusən də anamı söyməyə davam etdi. Bu hadisədən sonra Şahmarı cəzalandırmaq fikrinə düşdüm. Yeni il bayramından sonra Şahmarı təxminən bir-iki ay əvvəl “Yaşıl bazar” adlanan ərazidən 15 manata aldığım bıçaqla vurmağı qərara aldım. Həmin gündən sonra Şahmarı görmədim. Amma Şahmarın bu hərəkətləri məni daim gərginlikdə saxladı”. 

Asimin sözlərinə görə, 31 dekabr 2021-ci ildə anası Rəfiqənin səhhəti pisləşdiyindən “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırıb: 

“Həkimlər təxminən 1 saat gec gəldiklərindən daha da əsəbiləşdim. Həkimlər anamı müayinə edərək dərman yazdılar. Həkimləri yola salaraq anama çay verdim. Həmin gün saat 12 radələrində öz otağımda olan siyirmədə saxladığım bıçağı götürərək evdən çıxdım və həyətə düşən zaman yaşadığım binanın 7-ci mərtəbəsində əvvəlcədən gördüyüm baltanı da özüm ilə götürdüm. Sonra Şahmarın yaşadığı evə doğru getdim. Şahmarı özümdə olan cib bıçağı ilə vurmağı planladım, baltanı isə ehtiyat üçün götürmüşdüm. Çünki Şahmarın yanında son vaxtlar həmişə özü kimi bir neçə narkotik vasitə istifadəçisi olan dostlarının olduğunu eşitmişdim. Baltanı da adamların çox olduğu təqdirdə qorxutmaq üçün götürmüşdüm. Şahmarın yaşadığı ünvana çatdıqda həyətdə başqa adamlar gördüm. Onlara fikir verməyərək birbaşa Şahmarın yaşadığı binanın 7-ci girişinə daxil oldum. Onun yaşadığı zirzəminin qapısının açıq olub-olmadığını yoxladım. Açıq olduğunu görərək 6-7 pillədən ibarət olan pilləkənlə aşağı düşdüm. Aşağı düşən kimi sol tərəfdə olan mətbəx və yataq otağında kiminsə olub-olmadığını yoxladım. Heç kim olmadığını dəqiqləşdirdikdən sonra zirzəminin girişindən sağ tərəfdə yerləşən otağa keçdim. Şahmarın otağına daxil olmamışdan özüm ilə gətirdiyim baltanı artıq ehtiyac olmadığı üçün sellofan torbadan çıxardım və qapının sağ kənarına qoydum. Sonra isə otağa daxil oldum. Həmin vaxt Şahmarın üzü qapı tərəfə sol çiyin üstündə ayaqları yarım bükülmüş formada yatdığını gördüm. Gödəkçəmin sağ cibində olan bıçağı çıxarddım və oyatmaq üçün Şahmarın sağ çiyininə, qoluna bir neçə bıçaq zərbəsi endirdim. Həmin zərbələri vurmaqda məqsədim Şahmarı yuxudan oyadaraq son sözünü demək, sonra onu bıçaqla vurmaq olub. Həmin zərbələrdən sonra Şahmar oyandı və yumruqla ağzıma, təpiklə əlimə və sinəmə vuraraq müqavimət göstərməyə, həm də ailə üzvlərimi, o cümlədən anamı ağır söyüşlər söyməyə başladı. Həmin vaxt əlimdəki bıçaq qatlanaraq bağlandı”. 

Asim qeyd edib ki, daha sonra bıçağın arxa hissəsi ilə Şahmarın baş nahiyəsinə bir neçə zərbə endirib: 

“Şahmar yerindən duraraq qaçmaq istədikdə əlim ilə onu yerə yıxdım və bıçağın tiyəsini açaraq Şahmarın kürəyinə, daha sonra isə sinəsinə, ürək nahiyəsinə bıçaqla xəsarətlər yetirdim. Şahmarın yerdə hərəkətsiz uzandığını gördükdən sonra özüm də qorxdum və dərhal otağı tərk etdim. Həmin vaxt özüm ilə gətirdiyim baltanı da qapının kənarından götürdüm, əlimdə olan bıçağı isə qatlayaraq gödəkçəmin cibinə qoydum. Binadan çıxarkən əlimdə olan baltanı sol tərəfdə olan ağacların yanına atdım və evə getdim. Evə gəldikdən sonra Bəhruz əl-üzümün qan olduğunu görərək nə baş verdiyini soruşdu. Mən də Şahmarı bıçaqladığımı bildirdim. 

Bəhruz mənə dərhal polisə təslim olmağımı təklif etdim. Mən əynimdə olan paltarlarım dəyişərək evdən çıxan zaman anam Rəfiqə və atam Əbilfat təlaşlı olduğumu gördü. Onlar hara getdiyimi soruşdu. Mən isə “Şahmarı vurmuşam, rayona gedirəm” deyərək getdim. 20-ci Polis Bölməsinin yanında Nizami ilə qarşılaşdım. Nizami məndən niyə həyəcanlı olduğunu soruşdu. Ona Şahmarın evinə gedərək ona bıçaqla bir neçə xəsarət yetirdiyimi bildirdim. Nizami Şahmarın vəziyyətinin necə olduğunu soruşdu. Mən isə Şahmarı bıçaqla vurduqdan sonra evdən çıxdığımdan onun ölüb-ölmədiyini bilmədiyim üçün bu barədə Nizamiyə heç nə demədim. 

Daha sonra Ələt qəsəbəsinə doğru yola düşsəm də, etdiyi hərəkətin nəticəsini dərk edərək geri qayıtdım. Həmin gün axşam saat 18-19 radələrində Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gedərək təslim oldum”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asim 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verib. 

O, müvəkkilinin ilk dəfə cinayət törətməsini, gənc olmasının nəzərə alınmasını, onun cəzasının yüngülləşdirilməsini istəyib.

Vəkil müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona 9 il 6 ay cəza təyin olunmasını xahiş edib. 
Zərərçəkmiş şəxsin hüquqi varisi Nizaməddin Balayev və onun nümayəndəsi də apellyasiya şikayəti veriblər. Onlar Asif Nəcəfovun cəzasının 19 ilə qədər artırılmasını istəyiblər. Eyni tələblə dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilib. 

Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətləri və protestinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsnin şikayətləri, həmçinin dövlət ittihamçısının protesti təmin edilməyib. 

Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Dövlət ittihamçısı Asim Nəcəfovun  təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edib. 
Bundan başqa, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də kasasiya şikayəti verilib. Cəzanın yüngülləşdirilməsi ilə bağlı təqsirləndirilən şəxsin vəkili tərəfindən də kasasiya şikayəti verilib. 

Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Dövlət ittihamçısının kasasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən kasasiya şikayətləri təmin edilməyib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top