Gürcüstanı çətin sınaq gözləyir — AÇIQLAMA

GÜNDƏM 16 oktyabr 2024, 19:09
“Dost və qonşu ölkə olan Gürcüstanda baş verənlər bizim tərəfimizdən də diqqətlə izlənilir. Çünki bu seçkilər bir tərəfdən Qərbin aktiv müdaxiləsi fonunda, ikinci tərəfdən isə seçkilərin nəticələrinin bu və ya digər şəkildə bizə də təsirsiz ötüşməyəcəyi baxımından ikiqat maraq doğurur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. 

R.Bayramov qeyd edib ki, 26 oktyabr seçkiləri yaxınlaşdıqca Gürcüstana ABŞ başda olmaqla, Qərbin təzyiqlərinin artdığı ortadadır:

 ““Xarici agentlər haqqında” Qanunun qəbul olunması bəhanəsi ilə başlayan təzyiq kampaniyası nəticəsində qısa dövr ərzində ayrı-ayrı dövlət və qurumlar tərəfindən Gürcüstanla bağlı doxsandan çox tənqidi bəyanat verilib, müxtəlif səviyyəli qətnamələr qəbul olunub. Hakimiyyət təmsilçilərinə qarşı sanksiyaların sayı da hər keçən gün armaqdadır. Buraya Qərb dairələrinin Gürcüstana ayrılan maliyyə yardımını dayandırmasını, müxalif qruplara və QHT-ə dəstəyin verildiyini də əlavə etdikdə deyə bilərik ki, seçkilər ərəfəsində Gürcüstanda siyasi durum olduqca qarışıqdır”.

Politoloq bildirib ki, Qərb bütün imkanları ilə Ermənistanda olduğu kimi Gürcüstanda da “sözə baxan”, özündən asılı, müti bir hakimiyyətin olmasına çalışır:

“Çünki yalnız bu yolla Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxararaq öz təsir dairəsinə sala biləcəyini düşünür. Başqa sözlə desək, ABŞ başda olmaqla, bu ölkənin çətiri altında fəaliyyət göstərən ayrı-ayrı təşkilat və beynəlxalq qurumlar Gürcstandakı istər siyasi, istərsə də sosial cəhətdən mövcud vəziyyəti özlərinin maraqları naminə fürsətə çevirməyə çalışırlar.

Belə bir situasiyada seçkilərin nəticələri ilə bağlı dəqiq proqnozlar vermək də çətindir. Bəli, ölkə əhalisinin çoxluğu hakim “Gürcü Arzusu”nu dəstəkləyir və son sorğulara görə seçkilərdə 59 faiz seçici məhz onlara səs verəcəyini bəyan edib. Amma məsələ burasındadır ki, uzun illər ərzində Gürcüstanda möhkəmlənmiş Qərb institutlarının da ölkəni qarışdırmaq və xaosa sürükləmək üçün kifayət qədər imkanları var. Biz bunu birbaşa Qərbdən maliyyələşən 25 mindən artıq vətəndaş cəmiyyəti institutu təmsilçilərinin timsalında gördük. 

Xatırlayırsınızsa, yuxarıda da qeyd etdiyim “Xarici agentlər haqqında” Qanunun qəbulu ərəfəsində çox qısa bir zaman ərzində həmin təsisatlar on minlərlə insanı küçələrə çıxarmağa müvəffəq olmuşdu. İndi isə daha hazırlıqlı, daha çox təşkilatlanmış bir qüvvə var. Yəni, başqa sözlə, Qərb Gürcüstanda keçiriləcək seçkilərdə istədiyini ala bilməyəcəyi halda ölkədə qarşıdurma yaratmaqdan da çəkinməyəcək. 
Odur ki, Gürcüstanı həm bir dövlət olaraq, həm də xalq olaraq çətin sınaq gözləyir. Mövcud hakimiyyətin bu sınaqdan necə çıxacağını isə zaman göstərəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top