Politoloq: "Rəsmi Tbilisi Qərbin Gürcüstandakı təsir gücünü zəiflətməyi hədəfləyir"

GÜNDƏM 16 oktyabr 2024, 19:18
"Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi rəsmi Tbilisi ilə Qərb ölkələri arasında “soyuq küləklər” əsir. Bunun ən böyük səbəbi isə Qərbin daxili məsələlərinə ifrat dərəcədə müdaxilə etməsidir. Təsadüfi deyil ki, rəsmi Tbilisi son illərdə təhlükəsizlik ilə bağlı ciddi narahatlıqlar hiss edir. Hakim “Gürcü arzusu” partiyası məhz buna görə xarici siyasi kursunu da dəyişir.

Misal üçün “Xarici agentlər” haqqında qanunun qəbulu qabaqlayıcı tədbir mahiyyəti daşıyırdı. Tbilisi bununla Qərbin Gürcüstandakı təsir gücünü zəiflətməyi hədəfləyir".

Bu sözləri Demokrat.az-a politoloq Turan Rzayev Gürcüstandakı seçki mərhələsinin gedişatını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Gürcüstanda keçiriləcək parlament seçkiləri həm də Rusiya-Qərb geosiyasi qarşıdurmasının yeni raundunun başlanması deməkdir:

"Gürcüstanın tədricən Qərblə arasında məsafə qoyması öz növbəsində Kremli də aktivləşdirib. Rəsmi Moskva 2008-ci ildən bəri siyasi münasibətlərin kəsildiyi Tbilisi ilə buzları əritmək, münasibətləri normallaşdırmaq istəyir. Əslində bu fakt belə özlüyündə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri həm də Rusiya-Qərb geosiyasi qarşıdurmasının yeni raundunun başlanması deməkdir.

 “Gürcü arzusu” partiyasının hazırda reytinqi yüksəkdir. Yəni seçkilərdə qələbə qazanmaq şansı böyükdür. İ.Kobaxidze Azərbaycanın uzun müddətdir tətbiq etdiyi dövlət siyasəti olan “Balanslı siyasət”i yaxından izləyir və tədricən tətbiqinə çalışır. Lakin bu proses olduqca sancılı keçə bilər. Xüsusilə seçkilərdə hakim partiyanın qələbəsi fonunda Qərbin ənənəvi “rəngli inqilab” ssenarisinə cəhd edəcəyi istisna deyil".


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top