"Azərbaycan Ermənistan və onu himayə edənlərin törətdiyi təhlükə ilə qarşı-qarşıyadır" — Deputat

DAXİLİ SİYASƏT 16 oktyabr 2024, 17:22
Bir neçə gün öncə daha bir nəfər vətəndaşımız minaya düşərək sağlamlığını itirib. Müharibə bitsə də, hər il onlarla azərbaycanlı erməni vəhşiliyinin qurbanı olur. Öz torpaqlarına qayıdan vətəndaşlarımız rahat yaşamaq haqqından məhrum olur. 

Beynəlxalq aləmin Ermənistana bu mövzuda münasibəti haqqında millət vəkili, politoloq Elçin Mirzəbəyli Demokrat.az-a danışıb. 

Onun sözlərinə görə, vətəndaşlarımızın minaya düşməsi və həlak olması Ermənistanın uzun illər boyu Azərbaycan hazırladığı mina terrorunun nəticəsidir:

“Beynəlxalq birliyin bu istiqamətdə Ermənistana təzyiqlərinin nəzərə çarpmadığını müşahidə edirik. Ermənistan bir neçə dəfə yeni xəritələrin təqdim olunmasını bəyan edib. Sonra bəlli olub ki, həmin xəritələrdəki dəqiqlik 80 faizdən aşağıdır. 

Aydın olur ki, Ermənistan daha çox azərbaycanlının ölməsində və ya sağlamlığını itirməsində maraqlıdır. 
Bütün bunlar işğalçı Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətini ortaya qoyur”. 

Elçin Mirzəbəyli deyib ki, Ermənistan təkcə mina sahəsində deyil, bütün istiqamətlərdə beynəlxalq, hüquqi normaları pozub, ağır müharibə cinayətləri törədib:

“Bu cinayətlərin davamı Azərbaycan ərazisində hələ də qalmaqda olan mina təhlükəsidir. Belə məqamlarda beynəlxalq birliyin nümayiş etdirdiyi davranışlar var. Hazırda Ukrayna ərazisində Birləşmiş Ştatların, İsveçin və digər ölkələrin mina təhdidinin aradan qaldırılması ilə bağlı külli miqdarda yardımların edilməsinin şahidi oluruq.  

Azərbaycan Ermənistan və onu himayə edənlərin törətdiyi təhlükə ilə qarşı-qarşıyadır. Nədənsə eyni yanaşmanı Azərbaycan üçün sərgiləmirlər. Azərbaycan öz ərazisinin təxminən 20 faizini minalardan təmizləmək, vətəndaşlarını geri qaytarmaq missiyasını təkbaşına yerinə yetirir. Bu da dünyanın gerçək simasının nümunəsidir. Humanizmdən, insan hüquqlarından yüksək tonla danışan ölkələr azərbaycanlıların həyatlarını itirməsini uzaqdan müşahidə edirlər”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top