Türkiyədə güclü zəlzələ oldu — YENİLƏNDİ

DÜNYA 16 oktyabr 2024, 19:50

Türkiyənin Malatya şəhərində baş verən 5.9 bal gücündə zəlzələ ilə əlaqədar 187 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Üç binada qismən uçqun baş verib. Yaralanan 43 nəfər nəzarət altında saxlanılır", - deyə nazir əlavə edib. (Oxu.az)

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Demokrat.az-ın IHA-ya istinadla verdiyi məlumata görə, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, şəhərdə dağıntılar altında qalan vətəndaş olmayıb.

"Yalnız bir binada çatlar və qapının oturması səbəbindən dörd nəfər köməksiz vəziyyətdə qalmışdı. Xilasetmə qüvvələri onları xilas edə bildi. Zəlzələ anında təşvişə düşənlərdən yaralananlar olub ki, onların da müalicəsi davam etdirilir. Hazırda xəstəxanaya təxminən 94 yaralı daxil olub. Onların əksəriyyəti pilləkənlərdən enərkən, təşviş anında və ya zəlzələ zamanı iş görərkən yaralanıb. Bir neçə vətəndaş ürək ritmindəki problemlər səbəbindən reanimasiyadadır", - deyə o bildirib.

O, həmçinin iki binanın ağır zədələndiyini bildirib. (Oxu.az)

Türkiyədə bu gün yerli vaxtla saat 10:46-da baş verən zəlzələ nəticəsində Malatya, Şanlıurfa və Elazığda hər birində bir bina olmaqla ümumilikdə üç binada qismən uçqun baş verib.

Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabından xəbər verib.

Onun sözlərinə görə həlak olan və ya yaralanan barədə məlumat yoxdur.

Nazir bildirib ki, zəlzələdən sonra Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində AFAD və aidiyyəti qurumlar sahə axtarış işlərini davam etdirir.

Qeyd edək ki, zəlzələdən sonra məktəblərdə dərslər birgünlük dayandırılıb.

Türkiyədə güclü zəlzələ baş verib.

Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, 5,9 bal gücündə zəlzələnin mərkəzi Malatya olub. Ancaq yeraltı təkanlar Diyarbəkir və Elazığ kimi fəlakət bölgələrində də hiss edilib.

Yeraltı təkanların ocağı 10.07 kilometr dərinlikdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top