"Dini biliklər gənc nəsillərə müasir tərzdə çatdırılmalıdır" — İlahiyyatçı

SOSİAL 16 oktyabr 2024, 14:56
Xəbər verdiyimiz kimi, Bakıda “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı keçirilib. ini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanda dini təhsilin tarixi, dünyəvi dövlətdə dini təhsil, ənənə və müasir çağırışlar kimi mövzular müzakirə olunub. 

Azərbaycanda dini təhsil sahəsindəki mövcud vəziyyəti ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında dəyərləndirib. 

Ə.Həsənov söyləyib ki, Azərbaycanda dini təhsili tarixi zəngindir: 

“Azərbaycanda dini təhsilin vəziyyəti geniş perspektivdən baxdıqda bəzi mühüm cəhətləri və çağırışları əhatə edir. İlk növbədə, ölkəmizdə dini təhsil, dünyəvi dövlət prinsipləri əsasında formalaşmış bir sistem içərisində inkişaf edir. Bu, bir tərəfdən dövlətin dünyəvilik prinsipinə sadiq qalaraq dini təhsili nəzarət altında saxlaması, digər tərəfdən isə dini biliklərin yayılmasına və dini maarifçiliyə dəstək verməsi anlamına gəlir.

Sovet dövründə bu sahədə müəyyən məhdudiyyətlər olsa da, müstəqillikdən sonra dini təhsil sahəsi yenidən inkişaf etməyə başladı. Hazırda Azərbaycanda İslam dini üzrə ali təhsil müəssisələri, müxtəlif mədrəsələr və kurslar fəaliyyət göstərir. İlahiyyat İnstitutu və digər dini təhsil mərkəzləri bu sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirir”.

Ekspert qeyd edib ki, dünyəvi dövlətdə dini təhsil mövzusu ölkədəki dini təhsil müəssisələrinin proqramlarının balanslaşdırılması, eləcə də dinin sosial həyatdakı rolu ilə bağlı məsələləri gündəmə gətirir: 

“Bu gün Azərbaycanın dini təhsil sistemi həm yerli dini ənənələri qoruyur, həm də müasir çağırışlara cavab vermək üçün yeni yanaşmalar inkişaf etdirir. Ənənəvi dini təlimlə qlobal çağırışların, xüsusilə də digər mədəniyyətlərlə dialoq qurmaq ehtiyacının uyğunlaşdırılması vacib məsələlərdəndir. Bu da, həm dini təhsilin təkcə milli kontekstdə deyil, qlobal səviyyədə də dayanıqlı olmasını təmin edir”.

Azərbaycanda dini təhsil sahəsində hələ də bəzi çağırışların olduğunu bildirən ilahiyyatçı deyib ki, dini biliklərin gənc nəsillərə doğru və müasir tərzdə çatdırılması, eləcə də dini radikallaşmanın qarşısının alınması vacibdir: 

“Belə konfranslar vasitəsilə dini təhsil üzrə mütəxəssislərin, alimlərin və dövlət qurumlarının bir araya gəlməsi, bu istiqamətdəki strateji addımları müzakirə etmək üçün əla fürsət yaradır. Dini təhsilin inkişafı üçün isə gələcəkdə daha çox tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və ictimai maarifləndirmə layihələri faydalı ola bilər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top