İri şirkətlər tələbələr üçün təqaüd proqramları elan edə bilər — AÇIQLAMA

SOSİAL 16 oktyabr 2024, 13:12
Tələbə təqaüdlərinin artırılacağı gözlənilir. Yayılan məlumatlara əsasən artımın növbəti ildən baş verəcəyi bildirilir. "Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir.

Təhsil eksperti Elmin Nuri tələbələrin xərclərinin ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artdığını söyləyib. 

Ekspert Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.

O, bunu ölkədə bir çox sahələrdə baş verən qiymət artımı ilə əlaqələndirib: 

“Düşünürəm ki, tələbələrin təqaüdü növbəti ildən artırılacaq. Lakin biz hər şeyi dövlətdən gözləyə bilmərik. Xarici təcrübədə, çağdaş təhsil sistemində tələbə təqaüdləri təkcə dövlət tərəfindən ayrılan vəsaitlə formalaşmır. 

Tələbələr təhsil göstəriciləri, bilik və bacarıqlarına görə xüsusi təqaüdlər alırlar. Bu təqaüdlər bir neçə qrupa bölünür. Təqaüd məbləğinin artırılması ilə yanaşı təqaüdlərin sayı və növlərinin artırılmasından da danışmalıyıq. Belə olan təqdirdə tələbələrin xərclərinin yüngülləşdiyini görərik. Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, ADA, UNEC-də belə təqaüdlər var, məşhur şəxslərin adına verilən təqaüdlərdir. Yaxşı olardı ki, bütün universitetlərimizdə adlı təqaüdlər olsun”. 

E.Nurinin sözlərinə görə, xarici ölkələrdə şirkətlər universitetlərdə özünün təqaüd proqramını elan edir:

“Bizdə də bir neçə il əvvəl bəzi transmilli şirkətlərin təqaüdləri var idi və bilik və bacarığı ilə seçilən tələbələr bu təqaüdü qazanırdılar. İri korporasiyaların universitetlərə yol açması və öz təqaüd proqramlarını həyata keçirməsi müsbət hal olardı. Bu, başlanğıcda sosial layihə olsa da, gələcəyin savadlı kadrlarını üzə çıxarmaqda rol oynaya bilər”. 

E.Nurinin fikrincə, bütün universitetlərdə məzunların assosiasiyası yaradılmalıdır:

“Bu fond özü də müəyyən tələbə təqaüd proqramlarını dəstəkləyə bilər. Universiteti bitirmiş və karyera həyatında uğur qazanan cəmiyyətdə tanınmış şəxslər öz doğma təhsil ocağında tələbələrin əlavə təqaüd alması, onların maddi rifahının yaxşılaşdırılması üçün müəyyən təşəbbüslər irəli sürə bilərlər. Alternativlər çoxdur, sadəcə işin dinamikasını artırmaq lazımdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top