“Binokl diplomatiyası” təhlükəsizliyi təhdid edən amilə çevrilir — Deputatdan AÇIQLAMA

XARİCİ SİYASƏT 16 oktyabr 2024, 15:36
“Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq mühiti formalaşdıran əsas məsələlərdən biri bu qurumun Azərbaycan-Ermənistan şərti sərhədindəki müşahidə missiyasının təxribat xarakterli fəaliyyətidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. 

E.Nəsirov Avropa İttifaqı müşahidə missiyasının “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu qeyd edib: 

“Prezident İlham Əliyev haqlı olaraq Belçika Krallığının ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə xüsusi toxundu və bildirdi ki, 2022-ci ilin oktyabr ayında Praqada əldə olunmuş razılığa əsasən bu missiya qısamüddətli və məhdud tərkibdə fəaliyyət göstərəcək. Lakin missiyanın fəaliyyətinin uzadılması Azərbaycanla razılaşdırılmadan tənzimlənir. "Binokl diplomatiyası" qəbuledilməzdir və faktiki olaraq regionda sülh prosesinə mane olan amilə çevrilir. Prezidentin də vurğuladığı kimi bu fəaliyyət Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də kölgə salır. Ölkə başçısı onu da diqqətə çatdırdı ki, biz Avropa İttifaqı ilə münasibətlərdə Fransanın yolu ilə getməməliyik. 



Münaqişənin davam etdiyi təxminən 30 il ərzində Azərbaycan dəfələrlə Avropa İttifaqına problemin həllinə töhfə verməsi üçün müraciət etdi. Hər dəfə də cavabları bu olurdu ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Bəs, indi necə olur ki, prosesə birbaşa müdaxilə etmək istəyirlər?!” .

E.Nəsirovun fikrincə, Avropa İttifaqı ilə münasibətlərin inkişafına bu amil əngəl olmamalıdır:

“Təssüfləndirici hal odur ki, bir neçə gün əvvəl Avropa İttifaqının müşahidə missiyası sərhəddə olandan sonra Ermənistan hərbçilərinin və texnikasının burada cəmləşməsi qeydə alınıb. 

Görünən odur ki, “binokl diplomatiyası” sülhə deyil, təhlükəsizliyə təhdidlər yaratmağa xidmət edir. Aİ bu addımlarını korrektə etməlidir, əks halda Bakı ilə Brüssel arasında münasiblərdə gərginlik qaçılmaz olacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top