Politoloq: "Qərb Gürcüstanda indiki hakimiyyəti zorla dəyişmək istəyir"

XARİCİ SİYASƏT 16 oktyabr 2024, 13:36
“Cənubi Qafqaz regionunun geosiyasi taleyi Gürcüstanda keçiriləcək seçkilərdən asılıdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev Gürcüstandaki seçkilərin gələcək nəticələrini şərh edərkən deyib. 

"Gürcüstanda parlament seçkilərinin nəticələri təkcə ölkənin özünün taleyinə təsir göstərməyəcək. Bütün bölgənin taleyinə ciddi təsir göstərə bilər. 

Sözsüz ki, birinci növbədə Azərbaycan-Gürcüstan münasibətlərinə böyük istiqamətlərdə təsir edə bilər. Bu təsirlərin hansı şərtlər çərçivəsində baş verəcəyi indidən bəllidir", - deyə Aydın Quliyev qeyd edib.

Politoloqun fikrincə, Qərb qüvvələri seçkiyə qədərki dövrdə hakimiyyətin dəyişməsi üçün bütün qeyri-seçki vasitələrindən istifadə ediblər:

“Qərb qüvvələri Gürcüstanda indiki hakimiyyətin zorla dəyişməsinin tərəfdarıdırlar. Seçkiyə qədərki dövrdə hakimiyyətin dəyişməsi üçün bütün qeyri-seçki vasitələrindən istifadə ediblər. Çünki indiki Gürcüstan hakimiyyəti öz xarici siyasətində daha çox Rusiyaya meyil edir, qərblə müəyyən qədər məsafə saxlayır. Daha çox Gürcüstanın kənar dairələrin təsiri olmadan inkişafına maraq göstərirlər. 
Əgər Gürcüstanda hakimiyyət dəyişikliyi seçki nəticəsində baş verərsə, birinci növbədə Rusiya və Gürcüstan münasibətləri tamamilə dəyişə bilər. Daha sonra bütün Cənubi Qafqazın geosiyasi bütünlüyünə böyük təsir olacaq. Həmçinin, Gürcüstan-Azərbaycan münasibətləri də dəyişəcək. Bu da öz nəticəsini bütün bölgənin taleyində göstərəcək. 

Məlumdur ki, bu gün Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Hər iki ölkədə bir-birinin diasporu fəaliyyət göstərir. Gürcüstandanki azərbaycanlılar hakimiyyət ilə qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Hətta bu parlament seçkilərinə 13 nəfər azərbaycanlı namizəd qatılıb. İki ölkənin dostluğu sadəcə onların maraqlarına cavab vermir. 

Bölgədə əməkdaşlıq imkanları açır, sabitliyə və inkişafa imkan yaradır. Azərbaycanla Gürcüstan əməkdaşlığından yaranan Bakı-Tblisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz və dəmiryolu xətləri bölgənin energetika-nəqliyyat xəttinin dəyişməsində böyük rol oynayıb. Belə şəraitdə Gürcüstanda hakimiyyətin dəyişməsi layihələrin taleyinə təsirsiz ötüşməyəcək. Hər iki ölkə bölgədə olan məsələlərin həll olunması üçün kənar, pozucu qüvvələrin müdaxiləsinə maraqlı deyil. Bölgənin taleyi baş tutacaq seçkilərdən asılıdır”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top