Göygöldə ər-arvad arasında dava: Qadın xəsarət aldı

HADİSƏ 16 oktyabr 2024, 15:22
Göygöl rayonunda 1989-cu il təvəllüdlü Həsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 8-də Göygöl rayonunun kəndlərindən birində baş verib. 

Həsən həmin gün saat 19 radələrində evinin həyətində arvadı Nigar ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Nigarın onunla eyni qəsəbədə yaşayan anası Fatimənin evinə qonaq getmək istədiyi üçün narazılığını bildirib. 

Bu zaman Həsən arvadının ünvanına nalayiq söyüşlər işlətdiyi zaman onun da ona nalayiq söyüşlər işlətməsi səbəbindən əl zərbələri ilə sifət nahiyəsinə vurub. 

Hadisəni törədən Həsənin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Göygöl rayonunun qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: 

“2017-ci ildə Göygöl şəhər sakini Nigar ilə ailə həyatı qurmuşam. Bizim birgə nigahımızdan 2018-ci il təvəllüdlü bir oğlan övladımız var. Nigarın tez-tez azyaşlı övladımız ilə birlikdə anasının yaşadığı evinə gedib-gəlməsinə görə aramızda mübahisələrimiz olub. 

Martın 8-də, saat 19 radələrində Nigar bizimlə eyni qəsəbədə yaşayan anasının yaşadığı evə getməsinə görə aramızda mübahisələrimiz oldu. Mübahisə vaxtı bərk əsəbləşərək bir dəfə şillə ilə onun sifət nahiyəsinə vurdum və zərbənin təsirindən Nigar yerə yıxıldı. Nigar yıxıldığı üçün sağ ayağının topuq nahiyəsindən xəsarət aldı. Hadisədən sonra Nigardan üzr istədim, biz barışdıq. Hazırda da bir yerdə mehriban yaşayırıq”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nigarın sözlərinə görə, əri Həsən ilə ailə qurduqdan sonra münasibətləri normal olsa da, son zamanlarda aralarında ailədaxili narazılıqlar bir qədər artıb: 

“Martın 8-də oğlum da götürərək bizimlə eyni qəsəbədə yaşayan anam ilə görüşmək üçün onun yaşadığı evə getmək istədim. Bu zaman ərim evin həyətində arxamca gələrək evdə qalmağımı, heç yerə getməyəcəyimi dedi. Buna görə də aramızda mübahisə baş verdi. Həmin vaxt ərim əl zərbəsi ilə sifətimdən bir dəfə vurdu. Zərbənin təsirindən ayağım burxularaq yerə yıxıldım. Həmin vaxtı sağ ayağımın topuq nahiyəsində ağrı hiss etdim. Mən yerə yıxıldıqdan sonra Həsən də sakitləşdi. Bundan sonra olanlar barədə polisə müraciət etdim”. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alıb. Bu səbəbdən Həsənin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top