200 illik ədalətsizliyi sonlandıran LİDER

GÜNDƏM 15 oktyabr 2024, 16:03
Erməni aqressiyasının ilk qurbanları olan Xankəndi sakinləri həm də I Qarabağ müharibəsinin ilk məcburi köçkünlərinə çevrildilər. Bu illər ərzində Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmağa məhkum edilən xankəndililər dözülməz həyat məhrumiyyətləri yaşadılar.

İşğal dövründə Ermənistan və havadarları Xankəndi və ətraf ərazilərdə total soyğunçuluq və talançılığa əl atdılar, Kərkicahan, Cəmilli və Kosalar ərazisində azərbaycanlıların mal-qarası, xırda buynuzlu heyvanları, daşınmaz əmlakları, sərvətləri ələ keçirildi, mal və mülkləri yandırıldı, viran edildi. Uzun illər ərzində Azərbaycan Respublikasının büdcəsi hesabına inşa edilən inzibati binalar, infrastrukturlar, sənaye müəssisələri dağıdılaraq yararsız hala salındı.

Sonra isə Qarabağın zəngin sərvətləri 30 il ərzində vəhşicəsinə istismar edilərək Ermənistana və oradan ermənilərə havadarlıq edən ölkələrə daşındı. Nəhayət 2020-ci ilin noyabrındakı Ali Baş Komandanımızın rəhbərliyi altında möhtəşəm qələbəmizdən sonra 2023-cü ilin sentyabrında erməni terrorizminin və talançılığının qarşısı tamamilə alındı, digər şəhərlərimiz kimi əziz və tarixi şəhərimiz olan Xankəndi 200 illik ədalətsizlikdən qurtuldu.

Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi, coğrafi-siyasi baxımdan Azərbaycan bütöv, vahid orqanizmə çevrildi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də tarixi gündə ‒ Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu gündə Xankəndidə, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Xankəndinin əsas meydanında xalqa müraciət edən Prezident İlham Əliyev həm də 2003-cü il ali dövlət postuna seçilərkən Xalqa verdiyi vədi yerinə yetirərək dövlətimizin qarşısında duran əsas və tarixi missiyanı zəfərlə başa çatdırdı.

Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində Parlaq Qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Xalq qarşısında verdiyi bütün vədləri layiqincə yerinə yetirdi. Özünün də bəyan etdiyi kimi, “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmz mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz “Heydər Əliyev İli”ndə tamamlanmasıdır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi.

Cənab Prezident bu binanın üzərinə Azərbaycan Respublikasının gerbini vuraraq, önündə müqəddəs Azərbaycan Bayrağı qaldıraraq revanşistlərin arzularını da dəfn etdi. Xankəndidə mərkəzi meydanın Zəfər meydanı adlandırılması da bu baxımdan böyük rəmzi məna daşıyır.

2023-cü il noyabrın 8-də Ali Baş Komandanın Xankəndinin mərkəzi meydanında Zəfər paradını keçirməsi qələbə rəmzinin simvolu idi.

2023-cü il dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Yarışı izləməyə gələn Prezident İlham Əliyev stadionda çıxış edərək futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası olduğunu qeyd etdi. Separatizmin rəmzinə çevrilmiş bu şəhərdə erməni terrorizminin bütün izlərinin silindiyini və geniş quruculuq-abadlıq işləri aparıldığını bildirdi.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xankəndi şəhərində təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Vaxtilə Ulu Öndərin təsdiq etdiyi Baş plan əsasında qurulan Xankəndi hazırda cənab İlham Əliyevin yeni milli quruculuq fəlsəfəsi əsasında tamamilə müasir görkəmdə həyata keçirilir, Xankəndinin tarixi-milli siması özünə qaytarılır, yararsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.

Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.

Xankəndində aparılan əsaslı yenidənqurma planına uyğun olaraq orta məktəblərin və digər ümumtəhsil müəssisələrinin bərpa olunması, yeni məktəblərin tikilməsi də davam etdirilir. Dövlətimizin başçısı sentyabrın 19-da Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışını etməklə Xankəndinin təhsil ənənələrini də özünə qaytardı. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində inşa olunmuş 624 şagird yerlik bu təhsil ocağı 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Erməni vandalizminə məruz qalmış bu məktəb əvvəlkindən də geniş ərazini əhatə etməklə müasir təhsil layihəsidir. Həmçinin dövlətimizin başçısı Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışını da etdi ki, bu da Qarabağın gələcəyi olan uşaqlarımızın xoş rifahının təməllərinin qoyulmasıdır.

Xankəndi şəhəri əlverişli iqlimi və təbii-coğrafi xüsusiyyətləri, ekoloji potensialı baxımından Azərbaycanın ən zəngin turizm bölgələrindən biri hesab edilə bilər. Cənab Prezident iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışını etmişdi, 2024-cü il sentyabrın 19-da “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə maraqlandı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu.

Dövlət başçısı həmin səfər zamanı Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Habelə, Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu və şəhərin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə də tanış olub. Bütün bunlar Xankəndinin nəhəng quruculuq meydanına çevrildiyini, öz yeni milli tarixi simasını bərqərar etdiyini göstərir.

Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək.

Prezident İlham Əliyev imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.

Ramid Namazov
​Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top