"İranla münasibətlərimiz arasındakı soyuqluq əsasən İran tərəfin atdığı addımlarla bağlı olub" — ŞƏRH

GÜNDƏM 15 oktyabr 2024, 16:02
Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehranda görüşündə deyib.

"İran kimi dövlətlərin başqa ölkələrlə münasibətlərində dövlət başçısının şəxsi yanaşması xüsusi rol oynayır. Bu cür rejim ölkələrində siyasətin ən vacib normativləri dövlət başçısı və digər ali şəxslər tərəfindən müəyyən olunur. İndiki şəraitdə İran prezidentinin belə etiraf etməsi nəzərdən qaçmamalı, əhəmiyyətli bir fakt kimi dəyərləndirilməlidir. İran kimi dövlətlərin xarici siyasətdə nə kimi əhəmiyyətli rol oynadığını çoxdan bilirik. Məsələn, 2013-2019-cu illər arasında Tacikistanla İran münasibətləri etnik olaraq bir-birinə çox bənzəsələr belə, bərbad vəziyyətdə idi. Xarici ticarət dövriyyələri 300 milyon dollardan 18 milyon dollara qədər düşmüşdü. Rəisinin hakimiyyətə gəlməsindən sonra şəxsiyyət faktoru özünü göstərdi. Münasibətləri inkişaf etməyə başladı"

Məsələyə Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev münasibət bildirib.

"Azərbaycan-İran münasibətlərində dövlət başçılarına bağlı olaraq enişlər və yoxuşlar görürdük. Əgər indi İran Prezidenti yaxın keçmişdə Azərbaycana qarşı səhvlər buraxıldığını etiraf edirsə, deməli, yaxın gələcəkdə ən azından belə səhvlər buraxılmamağa çalışılacaq. Bu da yaxşı bir haldır. Ötən 1-2 il ərzində İranla münasibətlərimiz arasındakı soyuqluq əsasən İran tərəfin atdığı addımlarla bağlı olub. Tehranda səfirliyimizə edilən hücum münasibətlərimizi alt-üst etdi. Səfirliyə qarşı edilən terror bizi İranın mövqeyini bir daha düşünməyə vadar etdi. Yaranan soyuqluğun aradan qalxmasında indiki prezidentin etirafı böyük rol oynaya bilər. Hər bir halda bütün bunlar gələcəkdəki iki amildən asılı olacaq. Birincisi prezidentin etiraf mövqeyində nə qədər ardıcıl olmasından asılıdır. İkincisi onun bir fiqur olaraq İran hakimiyyətinin xarici siyasətinin müəyyənləşməsində nə dərəcədə söz sahibi olması olacaq"

Əfsanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top